Siyasət

19 Mart

Avropanın Azərbaycan enerjisinə tələbatı artır

Finss.az - Aİ nazirlərin Bakı görüşündən məhsuldar nəticələr gözləyir

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas və etibarlı enerji təchizatçısı olaraq qalmaqda davam edir. Avropa Komissiyası gələn ay Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarının yekunları üzrə bu əlaqələrin daha da güclənməsini gözləyir. Bu barədə Avropa İttifaqı açıqlama yayıb.

Məlumata görə, Avropa İttifaqı enerji keçidi və 2030-cu ilə qədər Rusiyanın qalıq yanacağından imtina edilməsini nəzərdə tutan “RePowerEU” proqramının məqsədlərini nəzərə alaraq ittifaq ölkələrin tədarükün təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə ümid edir.

Xatırladaq ki, bu yaxınlarda Brüsseldə Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış işçi qrupunun ilk iclası keçirilib. İclasda Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero və Slovakiyanın Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər. İclasda ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Avropa İttifaqının nümayəndəsi Azərbaycan mətbuatına bildirib ki, iclas təmsil etdiyi qurumun enerji tərəfdaşları ilə mütəmadi olaraq saxladığı əlaqələr çərçivəsində baş tutub. Onun sözlərinə görə, görüşdə COP29 iqlim konfransının nəticələri üzrə sonrakı fəaliyyətlər, regional yaşıl enerji dəhlizlərinin inkişafı, Avropaya davam edən və potensial əlavə enerji tədarükü, apreldə keçiriləcək Cənub Qaz Dəhlizi və Yaşıl Enerji məşvərət şuralarının iclaslarına hazırlıq da daxil olmaqla bir çox mövzular müzakirə edilib. Məlumatda həmçinin qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanla Strateji Tərəfdaşlıq Sazişinin həyata keçirilməsini davam etdirir, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin iki dəfə artırılması üçün lazım olan əsas qaz infrastrukturu layihələrinin müəyyənləşdirilməsi və müzakirəsi edilməsində fəal iştirak edir.

 

© XQ