Finss.az - ABŞ Prezidenti Donald Tramp, hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə Amerikanın Konqresinin hər iki palatasına müraciət edib və ölkənin vəziyyətini sərt tənqid edib.
O, ikinci prezidentlik müddətinin 43 günü ərzində əvvəlki administrasiyaların dörd il və ya səkkiz il ərzində əldə etdiyi uğurlardan daha çox iş gördüyünü bildirib.
Tramp, ABŞ-ın Joe Bayden administrasiyasının dörd ilinin fəlakət olduğunu vurğulayıb. Ölkə iqtisadi sarsıntılar, yüksək inflyasiya, artan cinayətkarlıq və sərhədlərdəki xaosla üzləşib. Trampa görə, bütün bu problemlərin səbəbi demokratların məsuliyyətsiz siyasətidir, hansı ki, Amerikanın iqtisadiyyatını zəiflətdi və sadə vətəndaşların həyat səviyyəsini aşağı saldı.
O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) şübhəli layihələrə, məsələn, Kolumbiyada "transgender operası"na, Peruda "transgender komiks"lərinə və Qvatemalada "LGBT aktivizmi"nə milyardlarla dollar xərclədiyini qeyd etdi. Tramp, bu cür layihələrin yalnız Amerika xalqının maraqlarına zidd olduğunu bildirib.
Bundan başqa, Tramp Bayden administrasiyasının immiqrasiya siyasətini də sərt tənqid edib. O, sərhədlərin açıq olması nəticəsində qeyri-qanuni miqrantların sayının artdığını və bunun iqtisadiyyata, səhiyyə sisteminə və hüquq-mühafizə orqanlarına böyük yük gətirdiyini vurğulayıb. Baydenin xarici siyasətinin də uğursuz olduğunu, xüsusən də Əfqanıstandan çıxış və Ermənistanı dəstəkləmə siyasətinin regionda gərginlik yaratdığını bildirib.
Trampın çıxışı, amerikan cəmiyyətinin böyük hissəsinin dəyişikliklərə ehtiyacı olduğunu göstərir. CBS News və YouGov tərəfindən keçirilən sorğunun nəticələrinə görə, Trampın çıxışını izləyənlərin təxminən 80%-i onun mövqelərini dəstəkləyib. Xüsusilə, miqrasiya və sərhəd təhlükəsizliyi məsələlərindəki planlarına yüksək dəstək verilib. Bu, ABŞ xalqının daha sağlam idarəetmə və iqtisadiyyatın bərpasına yönəlik gözləntilərini ortaya qoyur.
© 1news.az