Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınmasına dair müqavilə imzalanıb. Artıq müqavilənin icrasına başlanılıb və nümunə olaraq yeraltı konteynerlər təqdim olunub.
Fins.Az “Report”a istinadən xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Səbuhi Babayev Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında deyib.
“Hazırda "Şuşa istismar təmizlik sahəsi"də 14 nəfər işlə təmin edilib. 2022-ci il ərzində 5475 kubmetr tullantı müvəqqəti poliqon ərazisinə daşınıb”, - o, əlavə edib.
“İşğaldan azad edilmiş ərazlərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanması və "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"ya inteqrasiyası ilə bağlı hazırlanmış yekun hesabat Azarbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Bundan başqa 9 rayonda - Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli (Füzuli rayonu və Hadrut qəsəbəsi üçün) Ağdam, Tərtər, Qubadlı, Cabrayıl, Laçın və Kəlbəcərdə poliqon əraziləri müəyyənləşdirilib" - S. Babayev qeyd edib.
