Siyasət

16 Fevral

Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir - FOTO

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təşkilatçılığı ilə Ağdam şəhərində Konfrans Mərkəzində Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir.

Fins.Az apa-ya istinadən xəbər verir ki, tədbirdə Qarabağda, eləcə də Ağdamda bərpa ediləcək yaşayış məskənlərinin layihələri barədə, o cümlədən, daxili yolların, küçələrin, yaşayış məntəqələrinin enerji və su ilə təminatı üzrə işlərin vəziyyəti barədə layihələr səsləndiriləcək.

İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov və bir neçə dövlət müəssisə və təşkilat nümayəndələri iştirak edirlər.

Namiq Hümmətov çıxışında bütün qurumların səfərbər olmalı olduğunu bildirib.

"İşçi qruplarda təmsil olunan qurumlar daha fəal və səfərbər olmalıdırlar. İşğaldan azad edilən ərazilərdə bütün infrastruktur bərpa edilməlidir. Hazırda Ağdamda bir neçə layihələrin icrası başlanılıb. Amma 2023-cü ildən Ağdamdan başqa digər işğaldan azad olunmuş ərazilərdə bərpa tədbirləri daha sürətlənməlidir. Ümid edirəm qarşıya qoyulmuş vacib tapşırıqlar yerinə yetiriləcək. Xüsusi olaraq tədbiri dəstəkləyən Emin Hüseynova və Nüsrət Süleymanova minnətdarlığımı bildirirəm”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov bildirib ki, iki ildən artıqdır, azad olunmuş ərazilərdə misli görünməmiş bərpa-quruculuq işləri görülməkdədir: "Dövlət başçısının da vurğuladığı kimi böyük bir ərazidə öz maliyyə imkanlarımız hesabına bərpa-quruculuq işləri aparılır”.

Əlaqələndirmə qərargahı haqda məqamları qeyd edən Nüsrət Süleymanov bildirib ki, qərargahda dövlət qurumlarının böyük əksəriyyəti təmsil olunur: “Qərargah tərəfindən kompleks işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib, idarələrarası 10 işçi qrupu da fəaliyyət göstərir. Minalardan təmizlənmə ilə bağlı işlər də xüsusi vurğulanmalı və işlər planlı şəkildə həyata keçirilməlidir. Baş planların hazırlanması və təsdiqlənməsi görülən işlərin əsasında durur. Bu baxımdan 2023-cü il əlamətdar il olmalıdır. İşlərin miqyasının və dinamikasının artacağını düşünürük”.

O vurğulayıb ki, Şəhərsalma işçi qrupu bunların ən böyüyüdür: “Böyük qayıdış”la bağlı birinci proqramda qərargah və işçi qrupları üçün konkret tapşırıqlar qoyulub. Dayanaqlı məşğulluğun təmin olunması çox önəmlidir. Qərargah tərəfindən bu istiqamətdə xüsusi tapşırıqlar verilib. Potensial iş yerləri nəzərə alınaraq müvafiq fəaliyyətlərin həyata keçirilməsi istiqamətdə tapşırıqlar verilib. Şəhərsalma işçi qrupunun üzərinə böyük məsuliyyət düşür, bizim işimiz indidən sonra başlayır”.