Sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq “Türk Dövlətləri Insurtech Zirvəsi” dünən etibarən Bakıda öz işinə başlayıb. Tədbir iki gün davam edəcək və Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, həmçinin Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İstanbul mərkəzli "New Generation Management Company" şirkətinin birgə əməkdaşlığı ilə keçirilir.
Finss.az xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, adıçəkilən ölkələrin maliyyə requlyatorları və sığorta assosiasiyalarının rəhbərləri, həmçinin qabaqcıl texnologiya şirkətləri iştirak edir. Tədbirdə iştirakçı dövlətlərin sığorta bazarları üzrə təmsilçiləri türk dünyası sığorta sənayesinin sığorta texnologiyalarına dair mövcud vəziyyəti şərh edir, cari bazar ehtiyaclarını araşdırır və əməkdaşlığa dair yeni yol xəritələrini müzakirə edirlər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxışında iştirakçıları salamlayaraq bildirib ki, Türk dünyasında – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası kimi ölkələrdə Insurtech ekosistemi son illərdə sürətlə inkişaf edir. E.Mirsalayev inkişafı üç mərhələdə şərh edib:
Əsasların formalaşması (2010–2018):
"Bu dövrdə sığorta şirkətləri əsasən rəqəmsal satış kanalları, onlayn müraciət formaları və müştəri xidmətlərinin avtomatlaşdırılması üzərində işləyirdilər. Türkiyə bu prosesdə qabaqcıl rol oynadı, Azərbaycan isə 'ASAN xidmət' kimi e-hökumət layihələri ilə sığorta sektorunun rəqəmsallaşması üçün zəmin yaratdı."
Startap və innovasiya dövrü (2018–2023):
"Bu mərhələdə Insurtech startapları ortaya çıxmağa başladı. Mobil tətbiqlər, API əsaslı inteqrasiyalar və süni intellektlə risk qiymətləndirmə modelləri inkişaf etdi. Türkiyədə Quick Sigorta, HDI Sigorta, AXA Sigorta kimi şirkətlər innovativ məhsullar təqdim etdilər. Azərbaycanda isə xüsusilə 2020-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosu rəqəmsallaşma istiqamətində mühüm addımlar atdı."
Ekosistem inteqrasiyası (2023–2025):
"Hazırda Türk dünyasında əsas məqsəd regional inteqrasiya, məlumat paylaşımı, requlyasiya harmonizasiyası və startap ekosistemlərinin əməkdaşlığıdır. Türk Dövlətləri Təşkilatının məqsəd və prinsipləri əsasında formalaşdırılmış Türk Dünyası Sığorta Birliyinin çərçivəsində üzv və müşahidəçi təşkilatlarla birgə Insurtech platformasının yaradılması ideyası müzakirə olunur."
E.Mirsalayev çıxışında Türkiyə və Azərbaycan üzrə uğur nümunələrini də diqqətə çatdırıb:
- Türkiyə: Quick Sigorta, HDI Sigorta – “HDI Mobil” tətbiqi, Aksigorta “Robot Dönüşüm” Layihəsi
- Azərbaycan: İcbari Sığorta Bürosu, “Insure.az” platforması
- Digər ölkələr: Qazaxıstan – Kaspi.kz, Özbəkistan – UzInsurTech
ASA rəhbəri rəqəmsallaşmada yol xəritəsinin vacibliyini vurğulayıb:
"Sığorta sektorunda rəqəmsallaşma təsadüfi və pərakəndə şəkildə deyil, strateji plan çərçivəsində aparılmalıdır."
O, beşmərhələli yol xəritəsini təqdim edib:
- İnfrastrukturun modernləşdirilməsi
- Məlumat analitikası və süni intellekt tətbiqləri
- Müştəri təcrübəsinin rəqəmsallaşdırılması
- Requlyasiya və hüquqi çərçivənin uyğunlaşdırılması
- Regional əməkdaşlıq və bilik mübadiləsi
E.Mirsalayev onu da qeyd edib ki, "Insurtech artıq gələcəyin deyil, bu günün reallığıdır":
"Türk dünyasında biz bu sahədə böyük potensiala, gənc texnoloji resurslara və ortaq dəyərlərə sahibik. Əgər bu imkanları birləşdirə bilsək, yaxın 5 ildə regionumuzu sığorta texnologiyalarında qlobal mərkəzə çevirə biləcəyik."
Qeyd olunur ki, Azərbaycan beynəlxalq əhəmiyyətli sığorta texnologiyaları tədbirinə artıq sayca ikinci dəfə ev sahibliyi edir.
Fuad Mədətov
Finss.az
