Finss.az - “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı bildirir ki, xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisinə daxil olarkən nəqliyyat vasitələrinin sahibləri “Yaşıl Kart” beynəlxalq sığorta müqaviləsi təqdim etmədikdə həmin nəqliyyat vasitəsi üçün sərhəd sığorta müqaviləsi bağlanmalıdır.
Hazırda bu müqavilələr sərhəd-keçid məntəqələrində sığorta şirkətlərinin əməkdaşları tərəfindən yerində rəsmiləşdirilir. 01 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd-keçid məntəqələrində sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq. Müqavilələr yalnız əvvəlcədən – “www.tpl.az” onlayn platforması vasitəsilə və ya ölkə ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinə müraciət etməklə bağlanacaq.
İSB tərəfindən istifadəyə verilmiş www.tpl.az platforması vasitəsilə xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahibləri və sürücüləri ölkəyə daxil olmazdan əvvəl sərhəd sığorta müqaviləsini onlayn şəkildə rəsmiləşdirə bilərlər. Platformanın istifadəçiləri ilkin olaraq sığorta şirkətini seçir, daha sonra zəruri məlumatları daxil etməklə ödənişi onlayn qaydada həyata keçirirlər. Ödəniş təsdiqləndikdən sonra sığorta şəhadətnaməsi elektron qaydada tərtib olunaraq qüvvəyə minir.
Platforma sərhəd-keçid məntəqələrində növbələrin və gecikmələrin qarşısını almaqla yanaşı, xidmətin daha sürətli və rahat göstərilməsinə imkan yaradır.