SIĞORTA

02 Sentyabr

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığıTürk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə 14 sentyabr 2025-ci il tarixində Azərbaycanın Şuşa şəhərində keçiriləcək.

ASA-dan Finss.az-a verilən məlumata görə, assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, maliyyə requlyatorları və sığorta assosiasiyaları, eləcə də Türk Dövlətləri Təşkilatının rəhbərliyi iştirak edəcək.

Tədbir çərçivəsində rəsmi açılış, iki müzakirə paneli (maliyyə requlyatorları və sığorta assosiasiyaları üçün) və Türk Dünyası Sığorta Birliyinin Proklamasiya sənədinin imzalanması nəzərdə tutulub. Sənəd birliyin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılmasını təsdiqləyəcək.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan və Türkiyənin sığorta assosiasiyalarının təşəbbüsü ilə İstanbulda təsis edilib. Birliyə daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları müşahidəçi təşkilat kimi qoşulub.

Birinci Assambleya, birliyin “Yol xəritəsi” əsasında və alfabetik ardıcıllığa uyğun olaraq, Azərbaycanda təşkil olunur.