Ötən il ərzində icbari tibbi sığorta hesabına pterigiumun kəsiklə çıxarılması üzrə 284 sayda, transpozisiyası üzrə isə 1908 sayda cərrahi müdaxilə icra olunub.
Finss.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, birinci üsulda pterigium toxuması kəsilərək çıxarılır və yaraya tikiş qoyulur. Bu prosedur texniki baxımdan sadə və qısa müddətli olsa da, residiv (təkrarlanma) riski yüksək olur.
Qeyd edək ki, pterigiumun (gözdə ət artımı) müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə əlçatandır.
Xatırladaq ki, pterigium - qanadı xatırladan üçbucaq formalı membranın konyunktivadan gözün buynuz qişasına qədər tədricən böyüməsi ilə xarakterizə olunan gözün ön seqmentinin xroniki xəstəliyidir.
"Fibroz toxuma və qan damarlarından ibarət bu patoloji membran burun tərəfindən, yəni gözün daxili bucağından bəbəyin mərkəzinə doğru böyüyür.
Adətən günəş şüalarına, küləyə, tozlu, quru mühitə, allergen və kimyəvi maddələrin təsirinə uzunmüddətli məruz qalma nəticəsində yaranır. Xəstəlik ilkin mərhələdə sadəcə gözdə qızartı, qaşınma, yanma, göz quruluğu ilə özünü göstərsə də, inkişaf etdikcə astiqmatizm, görmə itiliyinin azalması, görmə sahəsinin daralması və məhdudlaşması, diplopiya (ikigörmə) və digər simptomlara səbəb ola bilər. Bundan başqa, qeyd olunan membran estetik olaraq pasiyentlərdə narahatlıq və psixoloji problemlərə də səbəb ola bilər. Pterigiumun fəsadlarına konyunktivada və buynuz qişada çapıq toxumanın inkişafı, göz almasının məhdud hərəkətliliyi, çəpgözlüyün baş verməsi və ptergiumun bədxassəli degenerasiyasını misal göstərmək olar.
İcbari tibbi sığorta ilə hər iki əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.
Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz",- deyə məlumatda qeyd edilib.