SIĞORTA

27 May

Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta şirkətləri tərəfindən toplanan sığorta haqları 22,8 milyon manat təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və ya 26,1% artım deməkdir.

Hesabat dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər də artaraq 9,3 milyon manata çatıb. Bu isə 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,7 milyon manat və ya 40,8% çoxdur.

Ümumilikdə, 2025-ci ilin ilk dörd ayında Azərbaycandakı sığorta şirkətləri tərəfindən 588,5 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir.

Həmin dövrdə edilən sığorta ödənişlərinin ümumi həcmi isə 231,3 milyon manat olub ki, bu da illik müqayisədə 10,4% çoxdur.

Fuad Mədətov
Finss.az