Şəriət prinsiplərinə əsaslanan çoxtərəfli sığortaçı və İslam İnkişaf Bankı Qrupunun üzvü olan İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC), Türkiyədə həyata keçirilən Nakkaş–Başakşəhər avtomagistral layihəsinə “Standard Chartered” tərəfindən təqdim olunmuş islam maliyyələşdirilməsinə dəstək məqsədilə 37 milyon avro məbləğində dövlət maliyyə öhdəliklərinin yerinə yetirilməməsi riski (NHSFO) üzrə sığorta siyasətini (sığorta polisini) imzaladığını elan edib.
Finss.az xəbər verir ki, sığorta polisi 2025-ci ildə Əlcəzairdə keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində ICIEC-in baş direktoru doktor Xalid Xalafallah və “Standard Chartered”in İnkişaf və Agent Maliyyələşməsi üzrə icraçı direktoru Punit Şarma tərəfindən imzalanıb.
Qeyd edək ki, İstanbulun Avropa hissəsində yerləşən Nakkaş–Başakşəhər avtomagistralı tıxacların azalmasına, səfər müddətinin qısalmasına və logistika səmərəliliyinin artmasına imkan verəcək – bu da Türkiyənin ticarət dəhlizləri və sənaye mərkəzlərinə müsbət təsir göstərəcək.
©Trend