Azərbaycanda ən çox zərərli olan sığorta növləri məlum olub.
Fins.az-ın ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən verdiyi xəbərə görə, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 56% təşkil edib. Ümumilikdə, bu göstərici illik müqayisədə 8% artıb.
Hesabat dövründə ən çox zərərli sığorta növü 1035% olmaqla digər icbari sığorta növlərinə aid olub. Lakin bu sığorta növündə zərərlilik təxminən 2 dəfə azalıb.
Könüllü sığorta bazarı üzrə ümumi zərərlilik 12%-ə bərabər olub ki, bu da 2023-cü il ilə müqayisədə 7% çoxdur.
Könüllü sığortada ən yüksək zərərlilik həyat sığortası üzrə 74%, qeyri-həyat sığortası üzrə 37%, şəxsi sığorta üzrə 73%, əmlak sığortası üzrə isə 16% təşkil edib. Həyat sığortası üzrə zərərlilik 20% artıb, qeyri-həyat sığortası üzrə 17% azalıb, şəxsi sığorta üzrə 10% artıb, əmlak sığortası üzrə isə 32% azalıb.
Həyat sığortası üzrə ən zərərli sığorta növü həyatın yaşam sığortası olub, burada zərərlilik 79% təşkil edib və illik müqayisədə 21% artım müşahidə olunub.
Şəxsi sığortada isə ən zərərli sığorta növü tibbi sığorta olub, burada zərərlilik 79% təşkil edib. Bu sığorta növü üzrə zərərlilik son bir ildə 9% artıb.
Əmlak sığortası üzrə ən zərərli növ kənd təsərrüfatı heyvanlarının sığortası olub, burada zərərlilik 63%-ə çatıb. Bu sığorta növü üzrə zərərlilik əmsalı 36%, yəni 2 dəfədən çox artıb.
İcbari sığortada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 78%-ə bərabər olub və illik müqayisədə 21% artım göstərib.
Su nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası, işçilərin dələduzluğu sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası və işin dayanması ilə bağlı risklərdən sığorta üzrə ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası və kreditlərin sığortası üzrə zərərlilik 1% təşkil edib.