Fins.az xəbər verir ki, mövzunu “vergiler.az”a hüquqşünas Şəhriyar Həbilov şərh edir.
“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na əsasən, vətəndaşlar kredit götürmək istəyərkən həmin kredit müqaviləsi üzrə öhdəlik müddətində sağlamlığında baş verə biləcək neqativ hallar səbəbindən əlilliyi, yaxud ölümü halında kredit öhdəliyinin onun sağlamlığı itdikdə özünə, vəfatı zamanı varislərinə əlavə yük yaratmaması üçün həyat sığortası məhsulu alaraq bu riskləri təminat altına almaq imkanına malikdirlər. Sadəcə olaraq, kredit götürən şəxsin sığortaya marağının olmaması, təcili kredit lazım olduqda bu məhsulun ağıla gəlməməsi və digər hallar səbəbindən həmin sığorta növü barədə məlumatlılıq aşağı səviyyədədir.
Nəzərə almaq lazımdır ki, kredit götürən şəxslər ölkədə fəaliyyət göstərən və həyat sığortası sahəsi üzrə lisenziyası olan istənilən sığorta şirkətindən bu məhsulu əldə edə bilər. Seçim isə sərbəstdir. Heç kimi sığorta şirkətini seçməyə məcbur etmək olmaz. Bank və sığorta qanunvericiliyi çərçivəsində həyata keçirilən islahatlar bu sığorta növü üzrə təminat həcmi, şərtlər və müqavilə münasibətlərinin uğurlu beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində dəyişikliklərdə özünü büruzə verdi. Onu da vurğulamaq lazımdır ki, bu islahatlar özlüyündə maliyyə xidməti istehlakçılarının kredit öhdəliyi üzrə əlavə çətinliklərlə üzləşməsinin qarşısının alınmasında effektivliyini saxlamaqdadır.
Kredit götürən şəxslərin həyat sığortası ilə bağlı təminatında hansı dəyişikliklər edilib?
Əvvəla qeyd etmək lazımdır ki, fiziki şəxs kredit müqaviləsi bağlamazdan öncə bank ona sığortalanma haqqında ərizə forması təqdim edir. Ərizədə şəxsin krediti götürəcəyi halda, kredit öhdəliyini hansı sığorta şirkətində sığortalaya biləcəyi, sığorta müqaviləsi bağlandıqda və müqavilə olmadan kredit müqaviləsi təsdiqləndikdə ödəyəcəyi kredit faizi, o cümlədən sığorta müqaviləsinə görə ödəcəyi sığorta haqqının həcmi aydın şəkildə göstərilməlidir.
- Kredit müqaviləsi 10 illik olsa da sığorta müqaviləsi əvvəl qısamüddətli bağlana bilirdi. Bu isə şəxsin kredit müqaviləsi müddəti bitmədən məruz qalacağı riskləri təminat altına ala bilmirdi. Dəyişikliklərə əsasən, hər bir halda sığorta müqaviləsi kredit müqaviləsi üzrə şəxsin öhdəlik müddətinə bərabər olacaq.
- Əvvəllər şəxs 10 min manat həcmində kredit götürdükdə 1.000 manatlıq sığorta təminatı barədə təklif ala bilirdi. Dəyişikliklərə əsasən, şəxsin kredit müqaviləsi üzrə öhdəliyi həcmində, yəni 10 min manat dəyərində sığorta təminatı təklif edilməlidir.
- İslahatlar şəxsin əvvəlcədən varisləri üçün əlavə xərcləri kompensasiya etməsinə imkan verəcək yeniliklər də gətirdi. Belə ki, şəxs kredit götürərkən kredit müqaviləsi üzrə öhdəliyinin həcmindən də əlavə sığorta təminatı götürərək hadisə halında əlavə xərcləri kompensasiya edə biləcək.
- Sığorta müqaviləsi bağlanarkən sığorta şirkəti müqavilənin şərtləri, hadisə zamanı nələr etmək lazımdır və digər münasibətləri tənzimləyən daha detallı yaddaş vərəqi də əldə edə biləcək.
- Əvvəlki münasibətlərdə hadisə zamanı bir çox sənədi təqdim etmək zərərçəkmişin və ya vərəsələrin öhdəsində qalırdı ki, bu da əlavə vaxt itkisi və get-gələ səbəb ola bilirdi. Bu kimi halların ortaya çıxmaması üçün sığorta şirkəti tərəfindən sorğu verilməklə dövlət qurumlarından sənədlərin toplanması barədə tənzimləmələr də gətirildi.
- Borcalanın vəfatı halında varislərin müəyyən olunması, banka məlumat verilməsi, bankın sığorta şirkətini məlumatlandırması kimi hallar sonda vərəsələrin kredit, xüsusilə də əlavə faiz öhdəlikləri ilə qarşı-qarşıya qalmasına şərait yaradırdı. Dəyişikliklərdən sonra isə artıq hadisə barədə bank, sığorta şirkəti, hətta sığorta müqaviləsini bağlamaqda vasitəçilik edənin belə məlumatlandırılması hər iki təşkilatın bir-birini erkən məlumatlandırmasına imkan verir.
Sığorta müqaviləsini bağlamadan kredit götürmək olarmı?
Sığorta müqaviləsini bağlamaq bankın kredit şərtlərində (siyasətində) mütləq qeyd edilməyibsə, sığorta müqaviləsini bağlamadan da kredit götürmək olar. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, sığorta müqaviləsi bağlamadan kredit götürdükdə kredit faizi daha yüksək ola bilər, həmçinin sağlamlığın itirilməsi və ya vəfat halında bütün kredit öhdəliyi, həmçinin faizlər də şəxsin və ya ailə üzvlərinin çiyinlərində əlavə yük kimi qala bilər.