Azərbaycanda ən çox zərərli olan sığorta növləri müəyyən edilib.
Fins.az ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 6% təşkil edib. 2024-cü ilin nəticələrinə görə, Azərbaycanda sığorta bazarının həcmi 1 milyard 353 milyon manat olub. Ümumilikdə müştərilərə edilən sığorta ödənişləri 752 milyon 712 min manat təşkil edir. Bu, o deməkdir ki, hər 100 manat sığorta yığımının 56 manatı müştərilərə ödənilib.
Hesabat dövründə ən çox zərərli sığorta növü 1035%-lə digər icbari sığorta növlərinə aid olub. Belə ki, digər icbari sığorta növləri üzrə ümumilikdə 37 min manat sığorta haqqı toplanıb, 381 min manat sığorta ödənişi edilib. Bu da ödənişlərin yığımlardan 10 dəfədək çox olduğunu göstərir.
Könüllü sığorta bazarı üzrə ümumi zərərlilik 61%-ə bərabər olub. Belə ki, könüllü sığortalar üzrə 1 milyard 11 milyon manat sığorta haqqının 613 milyon manata yaxını ödənişlərə yönəldilib.
Könüllü sığortada ən yüksək zərərlilik həyat sığortası üzrə 74%, qeyri-həyat sığortası üzrə 37%, şəxsi sığorta üzrə 73%, əmlak sığortası üzrə isə 16% təşkil edib.
Həyat sığortası üzrə ən zərərli sığorta növü həyatın yaşam sığortasında 79% olmaqla qeydə alınıb. Bu sığorta növü üzrə 599,2 milyon manat sığorta haqqının 474,2 milyon manatı ödənişlərə sərf olunub.
Şəxsi sığortada ən zərərli sığorta növü isə 79% ilə tibbi sığorta olub. Bu sığorta növü üzrə 123,1 milyon manatlıq sığorta haqqının 96,6 milyon manatı ödənişlərə yönəldilib.
Əmlak sığortası üzrə ən zərərli sığorta növü kənd təsərrüfatı heyvanlarının sığortası olub və zərərlilik 63% təşkil edib. Bu sığorta növü üzrə 2,1 milyon manatlıq sığorta haqqının 1,3 milyon manatı ödənişlərə yönəldilib.
İcbari sığortada isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 78%-ə bərabər olub. Bu sığorta növü üzrə 167,7 milyon manatlıq sığorta haqqının 130 milyon manatı ödənişlərə sərf olunub.
Su nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası, işçilərin dələduzluğu sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, işin dayanması ilə bağlı risklərdən sığorta üzrə ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası və kreditlərin sığortası üzrə zərərlilik isə 1% olub.