SIĞORTA

29 Dekabr

Fermerlər və təsərrüfatlara sığorta ödənişləri 2 dəfə artıb

Fins.az - Bu ilin yanvar-noyabr aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşən sığortalı fermerlərə 5,642 milyon manat sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, sığorta ödənişlərinin 4,659 milyon manatı meyvə bağları/əkin sahələri, 983 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.

2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2 dəfə, o cümlədən meyvə bağları/əkin sahələri üzrə ödənişlər 2,3 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 40 faiz artıb.

Cari ilin ilk 11 ayında Fond tərəfindən ümumilikdə 410 561 hektar əkin sahəsi sığortalanıb. Əkin sahələrinə 462 milyon manat məbləğində sığorta təminatı verilib. Bu dövrdə ölkə üzrə 3169 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 19,554 milyon manat sığorta təminatı verilib.

Hesabat dövrü ərzində 12,829 milyon manat sığorta haqqı toplanıb. Bitkiçilik üzrə ödənilən sığorta haqları 10,934 milyon manat, heyvandarlıq sahəsi üzrə isə 1,895 milyon manat təşkil edib.