SIĞORTA

04 Mart

Qazaxıstanla icbari tibbi sığorta sahəsində Anlaşma Memorandumu imzalanıb

Finss.az - Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Səfər çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Qazaxıstan Respublikasının “Sosial Tibbi Sığorta Fondu” arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Qazaxıstan Respublikasının “Sosial Tibbi Sığorta Fondu”nun sədr müavini Saule Tajibayeva imzalayıblar.

Memorandumun məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, səmərəli və faydalı tərəfdaşlıq münasibətləri qurmaq, sistemin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Memorandum çərçivəsində icbari tibbi sığorta ilə bağlı qanunvericilik və informasiya texnologiyalarından istifadə etməklə işin idarəedilməsi məsələləri üzrə təcrübə mübadiləsi, sözügedən sahədə müşavirə, forum və seminarların təşkili kimi məsələlər nəzərdə tutulub.

Tərəflər, Memorandum çərçivəsində müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün birgə planlar hazırlayacaq və qarşılıqlı məsləhətləşmələr aparacaqlar.

Zemfira Ms
Finss.az