SIĞORTA

29 Noyabr

Azərbaycanda avtomobil icbari sığortası bazarı böyüyüb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə toplanan sığorta haqları 140,787 milyon manata çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2% və ya 5,708 milyon manat artım deməkdir. Ötən ilin yanvar-oktyabr aylarında bu məbləğ 135,079 milyon manat təşkil edib.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə həyata keçirilən ödənişlərin həcmi 105,349 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 28,6% və ya 23,436 milyon manat artım deməkdir. Müqayisə üçün, 2023-cü ilin ilk 10 ayında ödənişlər 81,913 milyon manat təşkil etmişdi.

Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması NVSMMİS üzrə zərərliliyi artırıb. 2023-cü ilin yanvar-oktyabr aylarında sığorta şirkətləri topladıqları hər 100 manatdan 60,6 manatını ödənişlərə yönəltdiyi halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 74,8 manata yüksəlib. Bu da zərərliliyin 23,4% artmasını göstərir.

Fuad Mədətov
Fins.az