SIĞORTA

17 Fevral

Azərbaycanın sığorta boşluğu: 50 milyard dollarlıq zərər sığortalanacaqmı?

Bakıda Türkiyədəki kimi güclü zəlzələ baş versə, ölkəyə vurulan zərər 50 milyard ABŞ dollarına çata bilər.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Sənaye Sığorta ASC-nin Müşahidə Şurasının sədri Rəşad Əhmədov bildirib.

1999-cu ildə Türkiyədəki Mərmərə zəlzələsi 50 milyard dollarlıq ümumi zərərə səbəb olmuşdu, lakin bu zərərin cəmi 10%-i sığortalı idi. 2023-cü ildə Kahramanmaraş zəlzələsi zamanı 105 milyard dollarlıq zərər qeydə alınıb və bunun yalnız 5 milyard dolları sığorta şirkətləri tərəfindən ödənilib.

R.Əhmədovun sözlərinə görə, Azərbaycan ərazisinin kiçik olması zəlzələ riskinin də az olması anlamına gəlmir. Bakıda yerləşən Heydər Əliyev Mərkəzi və Alov Qüllələri kimi binaların tikinti dəyəri 1 milyard dollardan çoxdur. Ölkədə son 20 ildə dövlət və özəl sektor tərəfindən çoxsaylı iri layihələr həyata keçirilib ki, bunların hamısı zəlzələ riskinə məruz qala bilər.

Ən böyük problem – sığorta səviyyəsinin aşağı olmasıdır. Azərbaycanda bu risklərin yalnız 10%-i sığortalıdır, qalan 90%-lik zərərin necə qarşılanacağı isə açıq sual olaraq qalır.

Fuad Mədətov
Finss.az