SIĞORTA

27 Noyabr

Əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur - Sahil Babayev

Əlilliyə görə pensiya üçün sığorta stajı yalnız əmək qabiliyyəti dövrü üzrə tələb olunur.

Fins.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir, əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajının yalnız əmək qabiliyyəti dövrü üzrə tələb edildiyini açıqlayıb. O bildirib ki, əlil olduqdan sonra belə bir tələb yoxdur və bununla bağlı yaranan anlaşılmazlıqların aradan qaldırılması məqsədilə izahlar verilib.

Nazir əlavə edib ki, vətəndaş heç vaxt işləməyib və sonradan əlil olubsa, sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə daxil ola bilməz, amma müavinət sisteminə daxil ola bilər. Əgər vətəndaş işləyib və sonra əlil olubsa, hər il üçün yalnız 4 ay sığorta stajı tələb olunur. Bu yanaşma, nazirin sözlərinə görə, kifayət qədər böyük bir güzəşt olaraq qiymətləndirilir.