Ötən il Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 50 min 207 müqavilə rəsmiləşdirilib, həmin müqavilələr üzrə 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb.
Bu barədə Finss.az-a “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına (İSB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 12,4 % və 28,8 % azdır.
Bu müqavilələrin 40 min 038-i (- 11,05 %) Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 milyon 507 min 573 manat (-37,1 %) sığorta haqqı yığılıb.
Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 169 "Yaşıl Kart" müqaviləsi rəsmiləşdirilərək 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb.
2024-cü ildə Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3 min 907 manat olub.
Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8 min 314 manat təşkil edib.
Ümumilikdə ötən il "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib. Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,1 % və 50,9 % çoxdur.
2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan, Polşa respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə ümumilikdə 96 min 667 manat sığorta ödənişi edilib.
Xatırladaq ki, İSB "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması həyata keçirilir.
2023-cü ildə Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 429 yol-nəqliyyat hadisəsinə görə 1,662 milyon manat sığorta ödənişi verilib.
Finss.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 52,7 % və 82,3 % çoxdur.
Beləliklə, ötən il bir hadisə üzrə orta ödəniş 3 873 manat olub ki, bu da əvvəlki ilə nisbətən 19,4 % çoxdur.
2023-cü ildə "Yaşıl Kart" satışı hesabına toplanılmış sığorta haqlarının 16,4 %-i sığorta ödənişinə yönəldilib. Bu nisbət 2022-ci ildə 30,2 % təşkil edib.
Ötən il yol-nəqliyyat hadisələrinin 55-i ölkə daxilində baş verib və həmin hadisələr üzrə 130 min manat sığorta ödənişi verilib. Əvvəlki il ölkə daxilində 57 yol-nəqliyyat hadisəsi baş vermiş və 140 min manat sığorta ödənişi həyata keçirilmişdi.
Fuad Mədətov
Finss.az