Sığorta yığımlarının azalması, ödənişlərin isə artması nəticəsində son bir ildə NVSMMİS üzrə zərərlilik 35,3% yüksəlib. Belə ki, 2023-cü ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 57,3 manatını ödənişə yönəltmişdisə, 2024-cü ildə bu rəqəm 77,5 manata çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2024-cü il ərzində avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 167 milyon 711 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% və ya 3 milyon 219 min manat azdır. Qeyd edək ki, 2023-cü ildə bu rəqəm 170 milyon 930 min manat olmuşdu.
Eyni zamanda, 2024-cü ildə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 129 milyon 997 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 32,8% və ya 32 milyon manat çoxdur. 2023-cü ildə bu göstərici 97 milyon 909 min manat idi.
Fuad Mədətov
Finss.az