2023-2024-cü əkin mövsümü üzrə Aqrar Sığorta Fondu tərəfindən təxminən 6,2 milyon manat sığorta ödənişi edilməsi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova açıqlama verib.
Onun sözlərinə görə, dəymiş ziyanla bağlı bütün sənədlər təqdim olunduğu təqdirdə, ilin sonuna qədər bu məbləğin böyük hissəsi ödənəcək:
"2023-cü il sentyabrın 30-na qədər Aqrar Sığorta Fonduna 1 698 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 % çoxdur. Bu müraciətlərin artması, Fond tərəfindən ödəniləcək məbləğin də yüksələcəyinə işarədir".
Alıyeva-Məmişova bildirib ki, bu il 50-dən çox rayondan təbii fəlakətlərlə bağlı müraciətlər qəbul edilib, halbuki ötən il bu rəqəm 30-a yaxın idi:
"Müraciətlər əsasən Qarabağ və Şirvan-Salyan iqtisadi rayonlarından daxil olub və daha çox dolu, sel-subasma, leysan kimi risklərdən qaynaqlanıb. Ötən il fermerlər quraqlıqdan əziyyət çəkirdilərsə, bu il əsasən dolu və sel-subasma kimi təbii fəlakətlərdən zərər görüblər".
Fuad Mədətov
Fins.az