SIĞORTA

09 Oktyabr

Aqrar Sığorta Fondu ilə görüş: Şərabçılıqda yeni mərhələ başlayır

Aqrar Sığorta Fondunda Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assisoasiyasının (AŞİİA) nümayəndələri ilə görüş keçirib.

Fins.az xəbər verir ki, görüşdə üzüm bağlarının çoxsaylı risklərdən sığortalanması, bu sahədə mövcud risklərin daha dəqiq qiymətləndirilməsi, aqrar risklərin və məhsul itkisinin minimuma endirilməsi üçün təkliflər müzakirə olunub.

Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, Aqrar Sığorta Fondu fəaliyyətini genişləndirməklə yanaşı, mövcud xidmətlərin təkmilləşdirilməsi, mövcud xidmətlərin təkmilləşdirilməsi, fermerlərin risklərinin daha yaxşı qorunması üçün yeniliklərin tətbiqi ilə bağlı işlər həyata keçirir.

Görüşdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasının sədri Elçin Mədətov şərabçılıqla məşğul olan müəssisələrin öz üzüm bağlarına sahib olmasından və bu təsərrüfatlarda məhsuldarlığa və keyfiyyətə təsir edən risklərin iqlim dəyişiklikləri nəticəsində artmasından danışıb.

Onun sözlərinə görə, məhz bu baxımdan son illər üzüm bağlarının sığortalanması artıq zərurətə çevrilib.

Azərbaycanın müxtəlif bölgələrində şərab istehsalı ilə məşğul olan assosiasiya üzvləri “İsmayıllı Şərab” ASC, “Şəki Şərab”, “Gəncə Şərab”, “Aqro Azərinvest”, “AzQranata”, “Göygöl Şərab Zavodu”, “Şərq ulduzu” MMC, “Merit Brand” şirkətlərinin nümayəndələri üzüm əkinləri ilə ilə bağlı bölgələrə xas olan aqrar risklər barədə məlumat veriblər, bu risklərin məhsuldarlığa, məhsul keyfiyyətinə və şərab istehsalına göstərdiyi təsirdən danışıblar.

Görüşdə bildirilib ki, Azərbaycanda təqribən 15 min hektar üzüm bağı mövcuddur, bağların böyük hissəsi bir neçə rayonda - Şamaxı (2 min hektardan artıq), Cəlilabad (1440 hektar),  Salyan (1126 hektar), Tovuz (1100 hektar),  İsmayıllı (960 hektar), Samux (900 hektar),  Göygöl (718 hektar), Şəmkir (558 hektar)yerləşir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu hər il sığortanın əhatə etdiyi məhsul və risklər siyahısını, həmçinin tətbiq olunan güzəştləri artırmağı nəzərdə tutur. Bu baxımdan görüşdə səsləndirilən təkliflərin dəyərləndiriləcəyi və nəzərə alınacağı vurğulanıb.

Elçin Mədətov pandemiya dövründə durğunluq dövrünü yaşayan şərab ixracında yenidən artım başladığını qeyd edib və bildirib ki, 2022-ci ildə ölkənin ümumi şərab ixracında  40%, 2023-cü ildə isə 20%-dən çox artım olub və hazırda ölkənin şərab ixracı pandemiyadan əvvəlki həddə çatıb.  Bu sahəyə yatırımlar o cümlədən xarici nvestisityalar artmaqdadır.

Görüşdə üzüm bağlarının sığorta şərtləri, sığorta haqqının hesablanması, təqdim edilən risklər barədə məlumat verilib. Hazırda Aqrar Sığorta Fondu üzümçülük təsərrüfatlarına əsas risklərdən – dolu, yanğın, fırtına, şaxtavurma, 3-cü şəxslərin hərəkətləri, qasırğa, həmçinin doluvurma nəticəsində keyfiyyət itkisi, leysan (güclü yağış nəticəsində üzüm meyvələrində çatların yaranması), bitki xəstəlikləri və zərərvercilərin təsiri və sair risklərdən təminat verir.

Qeyd edilib ki, dolu vurmasından keyfiyyət itkisi sığortası meyvənin əmtəə görünüşünün korlanması nəricəsində qiymətinin aşağı düşməsi nəticəsində fermerə dəyən zərəri qarşılayır.

Görüşdə bildirilib ki, 50%-lik dövlət dəstəyi nəticəsində fermerlər üzüm bağlarını kiçik məbləğ ödəməklə sığorta edə bilərlər. Məsələn, Şamaxı rayonunda 25 ton (10 000 manatlıq) məhsul verən 1 hektar üzüm bağının baza zərfi üzrə sığorta haqqı 314 manatdır, fermer bu məbləğin yalnız yarısını – 157 manatını ödəyir, daha 157 manatı dövlət ödəyir.

Hazırda ölkə üzrə sığortalanmış üzüm sahələri isə son illər artaraq 293 hektardan 477 hektara çatıb.

Üzüm bağlarının ən çox sığortalandığı rayonlar Şamaxı,  Tovuz, Siyəzən, Ağstafa və başqalarıdır. İndiyədək üzüm sahələrində baş verən hadisələrə görə, fermer və təsərrüfatlara 160 min manata yaxın ödəniş edilib.

Görüşdə dəmyə ərazilərində salınan üzüm bağlarının sığortası, quraqlıqdan sığorta imkanları, bitki xəstəlikləri və zərərvericilərin əkin sahəsinə vurduğu zərərin, eləcə də eləcə də bəzi bitki xəstəlikləri nəticəsində dəyən zərərlərin qarşılanması ilə bağlı fərqli yanaşmanın tətbiqi müzakirə edilib.

Üzüm bağları salınarkən idxal edilən və əkilən tinglərin düzgün bəyan edilməsi və rəsmiləşdirilməsmi ilə bağlı məsələlər də müzakirə obyekti olub.

Görüşdə səslənən məlumatlar Assosiasiya üzvlərinin böyük marağına səbəb olub, onlar bu məsələlərlə bağlı öz təkliflərini də səsləndiriblər.

Görüşdə mzakirçlərin davam etdirilməsi və üzüm bitkiçinin sığortası şərtləri ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.

Zemfira Ms
Fins.az