SIĞORTA

07 Oktyabr

Aqrar Sığorta mexanizmi genişlənir

Azərbaycanda aqrar sığorta mexanizmi çərçivəsində yeni dəyişikliklər edilib.

Fins.az xəbər verir ki, Aqrar Sığorta Fondu, çiyələk, şəkər çuğunduru və tütün bitkilərinin sığortası üzrə şərtləri yeniləyib. Çiyələk üçün hektar başına məhsuldarlıq 40 tondan 70 tona qaldırılıb, bu da fermerlərin yüksək məhsuldarlığı tam sığortalamağa imkan verəcək.

Eyni zamanda, şəkər çuğundurunun sığorta qiyməti 1 sentner üçün 6 manat müəyyən edilib ki, bu da əkin sahələrinin genişləndirilməsinə səbəb olacaq. 2024-cü ilin məhsulu üçün 6 min 798 hektar sahədə şəkər çuğunduru əkilib və yığım zamanı 24 min 469,5 ton məhsul toplanılıb, bu isə 172 faiz artım deməkdir.

Tütün bitkisinin sığortasında isə 1 hektardan maksimum məhsuldarlıq 200 sentner olaraq müəyyən edilib. Bu il 2 min 649 hektar sahədə tütün əkilib və 3 min 276,6 ton tütün yarpağı toplanıb ki, bu da ötən ildən 1184,2 ton çoxdur.

Aqrar Sığorta Fondu, kənd təsərrüfatı məhsullarının sığorta şərtlərini daim təkmilləşdirir və fermerlərin dəstəyi üçün 50% sığorta haqqını dövlət ödəyir. Bu dəyişikliklər, kənd təsərrüfatında istehsalın artırılmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə xidmət edəcək.