İcbari tibbi sığorta sistemi, vətəndaşların tibbi xidmətlərdən yararlanma imkanını artırmaq məqsədini güdür.
Bunu Fins.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.
Onun sözlərinə görə, sistemin inkişafında bir sıra çətinliklər mövcuddur və icbari tibbi sığorta sistemindəki çətinliklərin başında növbələrin uzun olması gəlir:
“Bu vəziyyət, müraciət edənlərin sayının artması ilə daha da mürəkkəbləşir. Növbələrin uzanması, vətəndaşların sığorta xidmətlərindən yararlanma imkanını azaldır. İcbari tibbi sığortanın könüllü tibbi sığorta ilə müqayisədə daha məhdud imkanlar təqdim edir. Könüllü tibbi sığorta isə daha rahat və geniş imkanlar təqdim edir. Bu sistemdə vətəndaşlar öz istədikləri klinikaları seçə bilər. İcbari tibbi sığorta sistemində isə vətəndaşlar yalnız qeydiyyatda olduqları tibb məntəqələrinə yönləndirilir. Bu da onların tibbi xidmətlərdən yararlanma imkanlarını məhdudlaşdırır”.
E.Ağabağırov, növbələrin aradan qaldırılması və xidmətlərin keyfiyyətinin artırılması üçün əlavə tədbirlərin görülməsini vacib hesab edir:
“Hal-hazırda icbari tibbi sığorta sisteminin genişlənməsi müsbət bir addımdır. Lakin, növbələrin artması və xidmətlərin keyfiyyəti ilə bağlı çətinliklər hələ də mövcuddur”.
Fuad Mədətov
Fins.az