SIĞORTA

20 Sentyabr

Avtomobil sığortasında zərərlərin ödənilməsi: Əsas problemlər

Avtomobil sığortası zərərlərin ödənilməsi prosesində bəzi çətinliklərlə qarşılaşır.

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Fins.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ən geniş yayılmış problemlərdən biri, ödənilən məbləğlə vətəndaşların gözləntiləri arasında fərqlərin olmasıdır:

"Vətəndaşlar iddia edirlər ki, məsələn, dəyən ziyan 1000 manatdır, lakin sığorta şirkəti yalnız 700 manat ödəyir. Bu cür hallar çox yayğındır. Bu uyğunsuzluqlar sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlərə və qiymətləndirmə prosedurlarına bağlıdır. Bəzən vətəndaşlar sığorta şirkətlərinin ödəniş prosesində daha yüksək ziyan məbləğləri gözləsə də, bu məbləğ sığorta siyasətində göstərilən məhdudiyyətlərdən asılı olur”.

Ekspert qeyd edib ki, zərərlərin ödənilməsi prosesində başqa bir problem isə qəza zamanı tələb olunan ehtiyat hissələrinin əlçatanlığı ilə bağlıdır:

"Yeni nəsil avtomobillərin qəza hallarında, sığorta sektoru üçün tələb olunan ehtiyat hissələri bəzən ölkədə mövcud olmur və sifariş vermək lazımdır. Bu vəziyyət zərərlərin ödənilməsində gecikmələrə səbəb olur, çünki ehtiyat hissələrinin xaricdən gətirilməsi əlavə vaxt tələb edir”.

E.Ağabağırov vurğulayıb ki, sığorta ödənişlərinin gecikməsi və ya çatışmazlıqlarının səbəbləri müxtəlif ola bilər:

"Dövlət Yol Polisi İdarəsindən rəsmi sənədlərin gec göndərilməsi, servis mərkəzindən məlumatların gecikməsi, vətəndaşların lazımi sənədləri sığorta şirkətinə vaxtında təqdim etməməsi kimi hallar ödəniş prosesinin ləngiməsinə səbəb olur. Beləliklə, vətəndaşlar sənədlərin tamamlanmasını gözləyərkən prosesdə əhəmiyyətli yubanma baş verir.

E.Ağabağırovun sözlərinə görə, bəzi hallarda kredit kartları ilə bağlı problemlər də zərərlərin ödənilməsi prosesini çətinləşdirir:

"Bəzi sığorta şirkətləri əməkdaşlıq etdikləri bankların kartlarını təqdim edir və bu da ödənişlərin vaxtında həyata keçirilməsinə mane ola bilir. Bu vəziyyət vətəndaşlar üçün əlavə bir çətinlik yaradır və zərərlərin ödənilməsi prosesinin daha da uzanmasına səbəb ola bilər”.

Ağabağırov onu da əlavə edib ki, zəncirvari qəzalar da sığorta ödənişlərinin gecikməsinə səbəb olur:

“Bir avtomobilin qiymətləndirilməsi başa çatır, digəri isə gözləmədə qalır və ya sənədlər təqdim olunmur. Bu hallarda prosesdəki gecikmələr digər avtomobillərin qiymətləndirilməsi və sənədlərin təqdim olunmasına görə baş verir. Eyni zamanda, sağlamlığa dəyən zərərin qiymətləndirilməsi də çətinlik yarada bilər. Burada həkim və ya müstəntiq rəyi vacibdir və bu prosesin yubanmasına təsir edir”.

E.Ağabağırov bildirib ki, sığorta prosesində problemlərin həll olunması üçün bütün sənədlərin tam şəkildə təqdim edilməsi və prosedurların tam yerinə yetirilməsi vacibdir.

“Ümumilikdə, bütün sənədlər təqdim edildikdən və prosedurlar tamamlandıqdan sonra, sığorta şirkətləri yeddi iş günü ərzində ödənişi həyata keçirməlidirlər. Bu qaydalara əməl edildikdə, zərərlərin ödənilməsi prosesi daha tez və səmərəli şəkildə həyata keçirilə bilər”.

Fuad Mədətov
Fins.az