SIĞORTA

17 Sentyabr

BERA Testi ilə Eşitmə problemlərinin aşkarlanması

Səhhətində eşitmə problemləri olan şəxslər üçün erkən diaqnostikanın əhəmiyyəti böyükdür. Eşitmə qabiliyyətinin müayinəsi və dəqiq diaqnozun qoyulması üçün istifadə olunan müasir metodlardan biri də BERA testidir. Test icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 2134 sayda BERA test icra olunub.

Fins.az xəbər verir ki, bu müayinə spesifik səs impulslarına beynin müvafiq strukturlarının verdiyi cavab reaksiyasına əsaslanan, eşitmə qabiliyyətini obyektiv şəkildə qiymətləndirən ən dəqiq diaqnostik metodlardan biridir. Müayinə vasitəsilə eşitmə sinirlərinin və beyin kötüyünün səs impulslarına verdiyi reaksiyalar qeydə alınmaqla eşitmə sistemində hər hansı patologiyanın olub-olmadığı müəyyən edilir. BERA testi nitq inkişafı hələ tamamlanmamış körpələrdə və uşaqlarda, eləcə də cavab verməkdə çətinlik çəkən yetkin insanlarda (məsələn, əqli inkişaf pozuntuları olanlarda) eşitmə probleminin dəqiq səbəbini müəyyənləşdirmək üçün istifadə olunur. Bu test müxtəlif dərəcəli ağır eşitmə diaqnozu qoyulmuş pasiyentlərdə patoloji prosesin dəqiq lokalizasiyasını müəyyən etməyə kömək edir.

Müayinə zamanı elektrodlar baş dərisinə yerləşdirilir və səs impulsları qulaqlıq vasitəsilə pasiyentə ötürülür. Bu səs siqnalları beyinə çatdıqda beyin kötüyünün verdiyi cavab reaksiyası elektrodlar vasitəsilə qeydə alınır. Hər hansı cavab anomaliyası eşitmə sinirlərindən və ya beyin kötüyündən qaynaqlanan problemin olduğunu dəqiq göstərə bilər. BERA müayinəsi tibb müəssisəsində pasiyentə həm ayıq, həm də medikamentoz sedasiya altında təhlükəsiz və ağrısız icra edilən obyektiv audioloji müayinə metodudur. Xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya icbari tibbi sığorta ilə qarşılanır.

Eşitmə problemi erkən yaşlarda müəyyən edilmədikdə, uşaqların nitq inkişafında gerilik, təhsil prosesində çətinlik və ümumi sosial adaptasiyada problemlər meydana çıxa bilər. Eşitmə qabiliyyətinin itirilməsi həm də uşağın kognitiv və psixoloji inkişafına mənfi təsir göstərir. Məhz bu səbəbdən BERA müayinəsi tibbi göstəriş əsasında erkən yaşda icra edilməli və potensial eşitmə pozulması vaxtında aşkarlanmalıdır. Müayinənin nəticələri əsasında ixtisaslı həkim tərəfindən müvafiq müalicə və ya reabilitasiya tədbirləri təyin edilir.

BERA müayinəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Zemfira Ms
Fins.az