SIĞORTA

15 Mart

Əhalinin icbari tibbi sığortası üçün dövlət büdcəsindən xərclənən vəsait 1 milyard 264 mln. manat təşkil edib

Hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 mln. manat təşkil edib (artım 12,6%).

Fins.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, ötən il dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilib.

“Belə ki, əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır.

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələri təminatının əhatə dairəsi genişləndirilir, yerli istehsalın təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Bütün bunlar ölkə ərazisində dərman vasitələrinin çeşidinin artmasına, əczaçılıq sektorunun rəqabətli inkişafına və əhalinin daha keyfiyyətli dərman vasitələri ilə optimal qiymətlərlə təchizatına xidmət edəcəkdir”, - deyə Baş nazir əlavə edib.