SIĞORTA

14 Fevral

Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib

2023-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Kommunikasiya Strategiyası çərçivəsində əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması, nəticədə tibbi xidmətlərə əlçatanlığın təminatı məqsədilə bir sıra tədbirlər icra olunub.

Fins.az xəbər verir ki, Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, qurumun prioritet fəaliyyət istiqamətlərinə informasiya dəstəyinin təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə layihələrin icrası davam etdirilib: “Qurumun gördüyü işləri işıqlandırmaq, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən sərbəst istifadəni təmin etmək, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər barədə əhalini məlumatlandırmaq məqsədilə 91 sayda məlumat açıqlanıb. Müxtəlif televiziya, radio və internet televiziya kanallarında 225 veriliş/süjet yayımlanıb. Mediadan daxil olan 530 sorğu, sosial media hesablarına göndərilən 7961 sorğu cavablandırılıb. Sosial media səhifələrində 3789 post paylaşılıb”.

A.Əhmədovanın sözlərinə görə, ötən il “İcbari tibbi sığorta barədə əhalinin məlumatlandırılması” mövzusu üzrə qalib gəlmiş 5 ictimai birliklə də geniş əməkdaşlıq edilib. Əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, uğurlu nəticələrin əldə edilməsi, keçiriləcək tədbirlərin effektivliyinin artırılması üçün ictimai birliklər icbari tibbi sığorta barədə çap materialları, videoçarxlar və lazımi məlumatlarla təmin edilib.

Eyni zamanda qeyd edilən reklam kampaniyaları maarifləndirmə işinin əsasını təşkil edib. Belə ki, icbari tibbi sığorta ilə bağlı Real TV-nin canlı efirində “Tibbi sığorta saatı” adı altında 31 veriliş yayımlanıb. Canlı yayımlar Agentliyin “Facebook” səhifəsi üzərindən paylaşılıb. Bununla yanaşı, ASAN radioda yayımlanan "1 sual, 1 cavab" rubrikasında həftə içi hər gün gündə 5 dəfə pik saatlarda dinləyicilərə icbari tibbi sığorta sistemindən istifadə qaydası ilə bağlı məlumatlar təqdim olunub. Qeyd edək ki, respublika üzrə bütün 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin 60 monitorunda, 17 dövlət tibb müəssisəsinin 20 monitorunda və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin 24 monitorunda icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş olunub.

Əhalini icbari tibbi sığorta sistemi çərçivəsində tibb müəssisələrinə müraciət prosesi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydası, ailə həkimi və s. barədə məlumatlandırmaq üçün silsilə tədbirlərin həyata keçirilməsi mühüm rol oynayıb. Bu istiqamətdə dövlət, qeyri-dövlət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələrini, orta təhsil müəssisələrinin pedaqoji heyəti, məktəblilər və onların valideynlərini, dini icmaların nümayəndələrini icbari tibbi sığorta sistemi barədə məlumatlandırmaq üçün 17 657 nəfərin iştirakı ilə 249 sayda maarifləndirmə tədbiri keçirilib. Habelə ictimaiyyətin məlumatlandırılması, media və QHT nümayəndələri ilə işin təkmilləşdirilməsi məqsədilə mətbuat konfransları, media-turlar, “Açıq qapı” günləri və təlimlər həyata keçirilib.

İcbari tibbi sığorta barədə məlumatlılığının artırılması məqsədilə vətəndaşların çap materialları ilə təmin edilməsi istiqamətində də işlər həyata keçirilib. Belə ki, 16 növ maarifləndirici çap materialının - bukletlərin 379 200-ü, posterlərin isə 30 285-i TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları, “Medinex” beynəlxalq sərgisi vasitəsilə əhaliyə çatdırılıb. Habelə, paylanılan 5 adda bukletin 52 200-ü respublikanın təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təqdim edilib. Təcili tibbi yardıma müraciət edən vətəndaşlara müvafiq bukletlərin paylanılması həyata keçirilib. Habelə, 31 reklam löhvəsinin (20 scroller, 10 billboard, 1 pano) Bakı şəhərindəki açıq məkanlarda, 18 metro stansiyasında isə 40 məlumatlandırma löhvəsinin nümayişi davam etdirilib.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentlik ilə əməkdaşlıq edən bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davam etdiriləcəyinə inanırıq.

İcbari tibbi sığorta ilə bağlı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün qurumun internet saytını (//its.gov.az/) və sosial media hesablarını izləyə bilərsiniz.

Günel Məlikzadə
Fins.az