Qusar rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
ASF-dan Fins.az-a bildirilib ki, Aqrar Sığorta Fondu və Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda aqrar sığortadan istifadə, aqrar sığortanın üstünlükləri, təbiət hadisələri və müxtəlif hallar nəticəsində fermerlərə dəyən zərər və ödənişlərlə bağlı vəziyyət müzakirə edilib.
Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahid Fərəməzov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək üçün tətbiq etdiyi mühüm yenilikdir.
Onun sözlərinə görə, əkinçilik, xüsusilə də meyvə bağlarının geniş yayıldığı Qusarda aqrar sığorta xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, icra hakimiyyəti başçısının müavini aqrar sığorta vasitəsilə heyvandarlıq təsərrüfatlarının da sığortalanmasını vacib sayıb.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığorta haqqının 50%-ni də fermerlərə dəstək üçün dövlət ödəyir.
Onun sözlərinə görə, hazırda aqrar sığorta ölkədəki 1,6 milyon hektar əkin sahəsinin 420 min hektarını, yəni dörddə birini əhatə edir, fondun yeni fəaliyyətə başladığını nəzərə aldıqda bu mühüm göstəricidir.
Tədbirdə Quba-Xaçmaz regionu üzrə aqrar sığorta xidmətləri və müxtəlif məhsulların sığortalanması imkanları üzrə təqdimat keçirilib. Bildirilib ki, Qusar rayonunun da daxil olduğu Quba-Xaçmaz regionu ölkədə sığorta haqqı nisbətən aşağı olan bölgələrdəndir. Burada 1000 manatlıq arpa məhsulunun sığortalanması fermerə cəmi 8 manata, buğda sahəsinin sığortası isə cəmi 7 manata başa gəlir.
Şimal bölgəsində geniş yayılan məhsullara gəlincə, bildirilib ki, bu regionda 1000 manatlıq fındıq sahəsini baza zərfi və donvurmadan sığorta etmək 12 manata, qoz məhsulunun bu risklərdən sığortası isə 20 manata başa gəlir.
Bildirilib ki, 1000 manatlıq şaftalı məhsulunu bazar zərfi, donvurmadan və doludan keyfiyyət itkisindən sığorta etmək ümuilikdə 29 manata, armud məhsulunu eyni risklərdən sığorta etmək isə 38 manata başa gəlir. Alma bağı üçün bu rəqəm 32 manat, gilas bağı üçün isə 35 manat təşkil edir.
Eyni zamanda bildirilib ki, heyvandarlıq sığortası üzrə 1000 manatlıq inəyin sığorta haqqı fermerə 31 manata, 300 manatlıq qoyunun sığortası isə 9 manata başa gələcək.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri quraqlıqdan sığorta, meyvə bağlarının müxtəlif risklərdən sığortalanması, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, artıq təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb. Təqribi hesabamalara görə, bu il əkin sahələri üzrə aqrar sığrta ödənişləri 6 milyon manata çatacaq.
Fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Günel Məlikzadə
Fins.az