SIĞORTA

21 Noyabr

“Azərbaycan Sənaye Sığorta” ASC-dən rekord ödəniş: 25 milyon manat

“Azərbaycan Sənaye Sığorta” ASC ölkənin sığorta tarixində ən böyük ödənişi həyata keçirib.

Fins.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə aid ərazidə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nın əmlak və mallarına ciddi ziyan dəymişdir. 

“Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 000 000 manat civarında ödəniş həyata keçirilmişdir. Bu miqyasda ödəniş Azərbaycan sığorta tarixində bir ilkdir və rekord ödəniş sayılır.

Qeyd etmək lazımdır ki, ödəniş nizamnamə kapitalından iki dəfədən də artıq olmasına baxmayaraq, Şirkətin maliyyə dayanıqlığına heç bir təsir göstərməmişdir. Əksinə, 2023-cü ili 5 000 000 manat mənfəətlə başa vurmaq hədəflənir. “Azərbaycan Sənaye Sığorta” ASC-nin rəhbərliyi bunu, təkrarsığorta siyasətinin doğru aparılması, qanunvericiliyin tələblərinə düzgün əməl olunması və dayanıqlı təkrarsığorta şirkətləri ilə əməkdaşlıq nəticəsində mümkün olduğunu qeyd edir.

Xərclərin optimallaşdırılması, sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər, şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir. Belə ki, “Azərbaycan Sənaye Sığorta” ASC-nin doqquz aylıq sığorta yığımları, ötən ilin on iki aylıq nəticələrini yeniləyərək, 14 500 000 manata çatmışdır.

1996-cı ildən fəaliyyət göstərən, Nizamnamə kapitalı 11 000 000 manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə təsisçi, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlara üzv olan “Azərbaycan Sənaye Sığorta” ASC fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.

Fuad Mədətov
Fins.az