«Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası»nın (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Aqrar Sığorta Fondunun rəhbərliyi ilə beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə işgüzar görüşlər keçirilib.
Fonddan Fins.az-a verilən məlumata görə, ASF-nin idarə heyətinin sədri Fuad Sadıqov İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrin iri təkrar sığorta şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanda kənd təsərrüfatı riskləri, tətbiq edilən aqrar sığorta modeli, onun iş prinsipi, əhatə etdiyi predmetlər və qarşıladığı risklər, eləcə də sistemin inkişafı ilə bağlı planlar açıqlanıb.
Eləcə də Aqrar Sığorta Fondu ilə beynəlxalq təkrarsığorta şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Aqrar Sığorta Fondu ilə qardaş Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM-in rəhbərliyi arasında keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə mövzusu olub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura üzrə riskləri sığortalayır.
Fondun riskləri Almaniya, İsveçrə, Türkiyə və Azərbaycanın təkrar sığorta şirkətləri tərəfindən hər il sığortalanır.