SIĞORTA

20 Noyabr

Azərbaycanda vəhşi heyvanların hücumundan dəyən zərərlər üzrə - FERMERLƏRƏ ÖDƏNIŞLƏR BAŞLANIB

Azərbaycanda vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə fermerlərə ödənişlərin edilməsinə başlanılıb.

ASF-dan Fins.az-a verilən məlumata görə, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta vasitəsilə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatların sığortalamaq mümkündür.

Aqrar sığorta çərçivəsində heyvanlar yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakət, yanğın, üçüncü şəxslərin hərəkətləri ilə yanaşı, vəhşi heyvanların hücumundan da sığortalanır.

Aqrar Sığorta Fondunun məlumatına görə, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi heyvanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb. Vəhşi heyvanların hücumları Hacıqabul, Zəngilan və Laçın rayonlarındakı təsərrüfatlarda baş verib. Bəzi hadisələrə görə ödənişlər artıq edilib, digər hadisələr üzrə isə ödənişlərin həyata keçirilməsi üzrə zəruri sənədlər toplanılır.

Qaydalara görə, aqrar sığorta südlük və ətlik mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları əhatə edir. Sığorta tarifi fermerin seçdiyi sığorta zərfindən asılı olaraq 6,1-9,5% arasında dəyişir. Sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Nəticədə, məsələn, qiyməti 2000 manat olan mal-qaranın ümumi sığorta haqqı 122-190 manat arasında dəyişir. Fermer isə bu məbləğin yalnız 50%-ni ödəyərək təsərrüfatını sığorta edə bilər.

Qiyməti, məsələn, 300 manat olan qoyunu sığota etmək üçün isə ümumi sığorta haqqı 18-28 manat, fermerin ödədiyi məbləğ 9-14 manat təşkil edir.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən  kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara ümumilikdə 624 min  manat sığorta ödənişi həyata keçirilib.

Kənd təsərrüfatı heyvanlarının sığorta şərtləri və sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az/heyvandarliq) və Heyvandarlıq kalkulyatoru vasitəsilə almaq mümkündür.

Günel Məlikzadə
Fins.az