SIĞORTA

05 İyun

Mərkəzi Bank sığorta sahəsində müstəqil ekspertə dair minimum tələbləri müəyyənləşdirəcək

Sığorta sahəsində müstəqil ekspert fəaliyyətinin əsasları müəyyənləşir.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni fəsil- 11-1. Müstəqil ekspertlər fəslində əksini tapıb.

Layihəyə əsasən, müstəqil ekspert fəaliyyəti Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələr üzrə həyata keçirilir.

Aşağıdakı tələblərə cavab verən fiziki və hüquqi şəxslər müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra reyestrə daxil edildiyi sahə (sahələr) üzrə müstəqil ekspert fəaliyyəti ilə məşğul ola bilərlər:

- fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə və müstəqil ekspert sertifikatına malik olmalıdır;

hüquqi şəxs:

- hüquqi şəxsin əmək müqaviləsi əsasında işləyən ən azı iki işçisi müstəqil ekspert olmalıdır;

- hüquqi şəxsin iştirakçısı və icra orqanının rəhbəri sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə əmək və ya mülki-hüquqi müqavilə münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir;

- hüquqi şəxsin adı bu Qanunun 94-4-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

Aqrar sığorta sistemində müstəqil ekspert olmaq istəyən şəxs “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq sertifikat aldıqdan sonra bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan reyestrə daxil edilir.

Fiziki şəxs olan müstəqil ekspert müstəqil ekspert fəaliyyətini göstərdiyi dövrdə sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə müstəqil ekspert fəaliyyəti üzrə xidmətin göstərilməsi istisna olmaqla, digər xidmətlər ilə əlaqədar mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir.

Hüquqi şəxs olan müstəqil ekspertin həyata keçirdiyi müstəqil ekspert fəaliyyəti onun əsas fəaliyyət növüdür.

Hüquqi şəxs olan müstəqil ekspert əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

- müstəqil ekspertlərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

- sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

- sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı.

Bu Qanunla müəyyən edilən şəxslərin müstəqil ekspert sertifikatının müddəti bitdikdə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verildikdə və ya onlar müstəqil ekspertlərin reyestrindən çıxarıldıqda, hüquqi şəxs 2 ay ərzində əmək müqaviləsi ilə işləyən müstəqil ekspertlərin minimum sayını bərpa etməli və həmin müddətdə müvafiq sahə üzrə müstəqil ekspert fəaliyyətini həyata keçirməməlidir.

Müstəqil ekspert tərəfindən aşağıdakıların həyata keçirilməsi qadağandır:

- müstəqil ekspertlərin reyestrinə daxil edildiyi tarixdən əvvəlki 2 il ərzində əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətində olduğu sığortaçıların sığortaladığı risklər ilə bağlı baş vermiş sığorta hadisəsi üzrə müstəqil ekspert kimi 2 il müddətində çıxış etməsi;

- müstəqil ekspertlə əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətlərində olan sığortalı, sığorta olunan, faydalalanan şəxs və ya zərər çəkmiş üçüncü şəxslə əlaqəli sığorta hadisəsi üzrə müstəqil ekspert kimi çıxış etməsi;

94-1.8.3. hüquqi şəxs olan müstəqil ekspertdə əmək müqaviləsi əsasında işləyən zaman digər hüquqi şəxs olan müstəqil ekspertdə vəzifə tutması və ya sərbəst şəkildə müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi;

- sığortaçının, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsin və ya sığorta vasitəçisinin baş ofis, filial və ya nümayəndəliklərində fəaliyyət göstərməsi;

- sığorta müqaviləsinin bağlanılması ilə əlaqədar riski qiymətləndirdiyi halda həmin müqavilə üzrə baş vermiş sığorta hadisəsinin araşdırılması, nəticələrinin aradan qaldırılması və (və ya) zərərin qiymətləndirilməsi;

aşağıdakı hallarda müstəqil ekspertizanın aparılması:

- özünün və ya yaxın qohumlarının ekspertiza obyekti ilə bağlı əmlak mənafeyi, tərəflərdən biri ilə mübahisəsi (əvvəlki dövr də daxil olmaqla) və ya ekspertiza obyektinə dair müqavilədən kənar öhdəlikləri olduqda;

- özü və ya yaxın qohumları ekspertiza obyekti ilə bağlı əmlak mənafeyi olan hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda.

Müstəqil ekspert müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə etdiyi kommersiya, sığorta, bank və digər konfidensial məlumatların qanunla müəyyən olunmuş qaydada qorunmasını təmin etməlidir.

Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.