Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı problem böyüməkdə davam edir.
Ötən ilin ikinci yarısından etibarən Azərbaycanda sığorta şirkətləri həm agentlər vasitəsilə, həm də onlayn qaydada kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina etməyə başlayıb.
Fins.az xəbər verir ki, bunu APA-ya açıqlamasında bazar iştirakçıları olan sığorta agentləri, o cümlədən sığorta ekspertləri də təsdiqləmişdilər. Vəziyyət isə hazırda daha da çətinləşib.
İcbari avtosığorta problemi nədən qaynaqlanır?
Avtomobillərin icbari sığortası sığorta bazarının əsas drayverlərindən biridir. İcbari avtosığortanın məcburi qaydada tətbiq edilməsi 1,4 milyon avtomobil sahibinin bu sığortaya cəlb olunmasına şərait yaradıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, ötən ilin 11 ayında icbari avtosığorta üzrə sığorta şirkətləri ümumilikdə 102,2 milyon manat sığorta haqqı toplayıb. Bununla belə, avtomobillə bağlı qəza risklərinin yüksək olması ödənişləri də artırır. Sığorta şirkətləri eyni dövr üzrə 82,3 milyon manat ödəniş həyata keçirib. Başqa sözlə, topladıqları hər 100 manatdan 81 manatını ödəniş olaraq vətəndaşa geri qaytarıblar. Ayrı-ayrı sığorta şirkətləri üzrə isə bu rəqəm daha yüksəkdir. Bəzi sığorta şirkətlərinin topladıqlarından daha çox ödəniş etdikləri bildirilib. Kiçik mühərrikli avtomobillər isə, adətən, taksi fəaliyyətində istifadə edildiyi üçün qəzaların böyük hissəsi məhz bu avtomobillərlə bağlı olur. Sığorta şirkətləri də bunu nəzərə alaraq, müxtəlif vasitələrlə bu avtomobilləri sığortalamaqdan yayınmağa çalışır.
Azərbaycan Mərkəzi Bankı vəziyyəti dəyişmək, sığorta haqqının daha adekvat hesablanması üçün ötən ilin oktyabr ayının 1-dən avtomobillərin icbari qaydada sığorta haqqının hesablanmasında yeni qayda tətbiq edib. Əvvəllər sığorta haqqı avtomobilin mühərrik həcminə görə dəyişirdisə, yeni qayda ilə bura yaş, sürücülük təcrübəsi, avtomobilin sürülmə intensivliyi, istismar müddəti və bu kimi risk faktorları nəzərə alınır. Bu isə toplanan sığorta haqlarının həcmində özünü göstərir.
Sığorta yığımlarının artması da vəziyyəti dəyişməyib
Mərkəzi Bankın Baş Direktoru Ziya Əliyev müsahibəsində bildirmişdi ki, yeni yanaşma 2022-ci ilin 11 ayında sığorta yığımlarını ötən ilin eyni dövrünə nisbətən 12% artırıb. Yığımların artması sığorta şirkətlərini riskləri öz üzərinə götürməyə daha da həvəsləndirəcək. Hazırkı durum isə onu göstərir ki, sığorta şirkətləri avtomobillərin icbari sığortasında heç də deyildiyi kimi, həvəsli görünmür. Bir-iki sığorta şirkəti istisna olmaqla, digər sığorta şirkətləri avtomobilləri sığortalamaqdan imtina edir, sığorta agentlərinə də həmin avtomobillərin sığortası ilə bağlı blok qoyulur. Əvvəllər heç yerə getmədən tanıdığı sığorta agenti vasitəsilə avtomobilini sığortalayan vətəndaş isə çıxılmaz duruma düşüb. Əksər sığorta şirkətinin rəsmi səhifəsindəki elektron sığorta sistemi mürəkkəb və işlək deyil, formal xarakter daşıyır. Sığorta şirkətlərinin ofislərinə müraciət edəndə isə vətəndaş uzun növbə gözləməli olur. Prosesin uzanması vətəndaşı həm də icbari avtosığortanın olmaması ilə bağlı yol polisi tərəfindən cərimələnmək riski ilə üz-üzə qoyur.
Sığorta şirkətlərinin icbari avtosığortadan yayınması qanun pozuntusudur
Sığorta eksperti İlkin İbrahimov açıqlamasında baş verən prosesin qanun pozuntusu olduğunu bildirib: “Gözlənilirdi ki, sığorta haqqının hesablanması ilə bağlı yeni qayda tətbiq edildikdən sonra vəziyyət düzələcək. Amma əksi baş verir. İlk növbədə, bu məsələ istehlakçıların hüquqlarının pozulmasıdır. Eyni zamanda, Mülki Məcəllənin və "İcbari Sığortalar haqqında" qanunun tələblərinin pozulmasıdır”.
İlkin İbrahimov əlavə edib ki, İcbari Sığorta Bürosu avtomobillərin icbari sığortası ilə bağlı proqram təminatının idarəedicisidir, yəni baş verən bütün prosesi, o cümlədən kiçik mühərrikli avtomobillərlə bağlı sığorta şirkətlərinin bloklamalarını izləyə bilir. Ona görə də Büro məsələ ilə bağlı cavabdehlik daşıyır.
Digər sığorta eksperti Əli Bayramov bildirib ki, əvvəllər vətəndaş heç yerə getmədən tanıdığı sığorta agentinə müraciət edərək avtomobilini sığortalaya bilirdi: “Bu, vətəndaş üçün sərfəli idi. “COVID-19” pandemiyası və bununla bağlı dünyada baş verən iqtisadi proseslər qlobal inflyasiyanı sürətləndirdi. Bu da öz növbəsində bütün məhsulları, eyni zamanda avtomobil ehtiyat hissələrini və xidmət xərclərini, son nəticədə isə sığorta şirkətlərinin ödənişlərinin həcmini artırdı. Əvvəllər avtomobillərin icbari sığortasını ilə bağlı müştəri cəlb etmək istəyən şirkət sığorta agentinə yüksək komissiya haqqı təklif edirdisə, artıq bunun sərfəli olmadığını gördü. Sığorta şirkətləri araşdırıb kiçik mühərrikli avtomobillərin daha zərərli olduğu ortaya çıxardı. Vəziyyətdən çıxış yolunu əvvəllər sığorta agentlərinə təklif etdikləri komissiyanı ləğv etməkdə, eyni zamanda sözügedən zərərli avtomobilləri sistem vasitəsilə bloklamaqda gördülər. Nəticədə isə hazırkı durum ortaya çıxdı.
Ekspert əlavə edib ki, problemin həlli üçün Mərkəzi Bankın sığorta şirkətləri qarşısında qoyduğu tələblər daha da ciddiləşdirilməlidir. Tətbiq edilən yeniliklər orta və uzunmüddətli həll yolu deyil.
Ümumilikdə isə sığorta ekspertləri hesab edirlər ki, sığorta satış bazarı ilə bağlı ümumi yanaşma dəyişmək üzrədir. Sığorta agentlərinin avtomobillərin icbari sığortasından tədricən uzaqlaşdırılması anonsu verilmişdi. Digər sahələrdə olduğu kimi sığorta sektorunda da elektron sistemə keçid labüddür və vətəndaş elektron qaydada avtomobillərini sığortalamağa uyğunlaşmalıdırlar. Əsas məsələ isə sözügedən elektron sistemin sadalanan problemləri həll etməklə yanaşı, sadə, istifadəsinin rahat və vətəndaşlara daha əlçatan olmasıdır.
Sığorta şirkətlərinə yeni tələblərlə bağlı 10 gün vaxt verilib
Azərbaycan Mərkəzi Bankı yanvarın 16-da yaydığı açıqlamada avtomobillərin icbari sığortasından imtina edilməsinin qanunsuz olduğunu bildirib və bununla bağlı sığorta şirkətlərinə xəbərdarlıq edib. AMB sığorta problemi ilə üzləşən vətəndaşların isə Mərkəzi Bankın 966 nömrəli qaynar xəttinə müraciət etmələrini və problemin qısa zamanda həll ediləcəyini bildirib. Bununla yanaşı, Mərkəzi Bankının sədri Taleh Kazımovun qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də də dəyişikliklər edilib. Dəyişikliyə əsasən, avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətlərinə rəsmi elektron səhifələrini sözügedən sığorta növünün onlayn qaydada satışını təmin etməklə bağlı texniki tələblərin uyğunlaşdırılması üçün 10 gün müddət verilib. Bu müddət isə yanvar ayının 21-də bitir.
İmtina edən şirkətlər vətəndaşları digər şirkətlərə yönəldir
Yaranmış vəziyyətlə bağlı “Qala Sığorta”, “Xalq Sığorta” və “Atəşgah Sığorta” şirkətlərindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Digər maraqlı fakt isə odur ki, avtomobillərin icbari sığortasından imtina edən bəzi şirkətlər vətəndaşları digər sığorta şirkətlərinə yönəldir.
Sığorta bazarının əsas oyunçularından biri olan “PAŞA Sığorta” şirkətinin Marketinq Departamentinin rəhbəri Məruz Azməmmədova deyib ki, avtomobillərin sığortasından imtina edən digər şirkətlərin vətəndaşları yönəltdiyi şirkətlər arasında “PAŞA Sığorta” da var. Məruz Azməmmədovanın sözlərinə görə, vətəndaşların digər şirkətlərə yönləndirilməsi isə sığorta şirkətlərinin ofislərində təbii sıxlığa səbəb olur. O, vətəndaşların avtomobil sığortası üçün onlayn olaraq “PAŞA Sığorta”nın mobil tətbiqindən də istifadə edə biləklərini qeyd edib. Regionlarda yaşayan sürücülərin isə həmin ərazi üzrə filiallara yaxınlaşaraq avtomobillərini sığortalatması mümkündür.
Mərkəzi Bankın tələbi ilə bağlı isə Məruz Azməmmədova deyib ki, hazırda icbari avtosığortanın onlayn satışı üçün sistemdə yeniləmələr aparılır.
Məruz Azməmmədova şirkətin strategiyasının rəqəmsal həll yolunu təklif edərək onlayn istiqaməti inkişaf etdirmək olduğunu, bununla belə, məhdud sayda, rəsmi lisenziyası olan peşəkar agentlərlə çalışdıqlarını əlavə edib.
“Meqa Sığorta” şirkətindən isə bildirilib ki, son bir ayda avtomobillərin icbari sığortası, xüsusilə də kiçik mühərrikli avtomobillərlə bağlı şirkətə müraciətlər kəskin artıb: “Digər sığorta şirkətlərinin müştəriləri də bizə yönəlib. “Meqa Sığorta”nın telefonları susmur. Fiziki olaraq bütün sorğuları dərhal cavablandırmaq mümkün deyil. Ona görə növbələr yaranır. Amma bizə müraciət edən bütün avtomobilləri sığortalamağa çalışırıq”.
“Meqa Sığorta”dan, həmçinin, sığorta agentlərinin işlərini davam etdirdiyi də bildirilib.
“AtaSığorta” şirkətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avtomobillərin icbari sığortası ilə bağlı müraciətlərin sayında ciddi artım olmayıb.
Müraciətə uyğun hər bir avtomobilin sığortası həyata keçirilir. Şirkətdən, həmçinin, qeyd edilib ki, hazırda onlayn qaydada sığorta ilə bağlı texniki problemlər ola bilər. Amma Mərkəzi Bankın müəyyən etdiyi vaxtdan etibarən avtomobillərin icbari sığortasını şirkətin rəsmi səhifəsi üzərindən də həyata keçirmək mümkün olacaq.
ASA: Yanvarın 21-dən icbari avtosığorta heç bir çətinlik olmadan həyata keçiriləcək
Azərbaycan Sığortaçılar Assosiasiyasından məsələ ilə bağlı bildirilib ki, Azərbaycanda sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atılır. Yanvarın 21-dən etibarən ölkədə mövcud olan hər bir nəqliyyat vasitəsi elektron qaydada və heç bir çətinliklə üzləşmədən sığortalana biləcək.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən tələbləri yerinə yetirməyən sığorta şirkətlərinə qarşı inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Sığorta şirkətlərini inzibati qaydada cərimədən, rəhbər şəxsinin vəzifədən kənarlaşdırılması və lisenziyasının ləğvinə qədər uzanan sanksiyalarla üzləşə bilər.
Sığorta şirkətlərinin Mərkəzi Bankın tələblərinə nə qədər ciddi riayət edəcəyini və Mərkəzi Bankın məsələ ilə bağlı yanaşması isə bir neçə gündən sonra məlum olacaq.