PAŞA Sığorta şirkəti şəhid və qazi ailə üzvlərinin sosial reabilitasiyası üçün nəzərdə tutulmuş layihəyə dəstək oldu.
Şirkətdən Fins.az-a verilən məlumata görə, ötən ilin may ayından etibarən “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatın həyata keçirdiyi “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRIA) layihəsi şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə çərçivəsində ikinci müalicə növü üzrə təlim proqramına start verib.
Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir.
Vətən uğrunda mübarizə aparmış igidlərimiz üçün hər zaman göstərdiyi diqqət və qayğı ilə seçilən “PAŞA Sığorta” şirkəti, bu dəfə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması və gələcəkdə bu istiqamət üzrə peşəkar təcrübənin artırılması məqsədi ilə öz maliyyə dəstəyini əsirgəməmişdir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinin nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin klinik psixoloqları üçün təlimlərin növbəti mərhələsinə başlanılıb.
Ötən ilin oktyabrında posttravmatik stres pozuntusu diaqnozlu xəstələr üçün ən səmərəli iki müalicə üsullarından biri koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq üçün təlimlər təşkil olunub.
Bu dəfə isə ikinci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası üzrə 17 psixoloq üçün təlim proqramları təşkil edilib. Layihəni uğurla başa çatdıran iştirakçılar arasından yaxın beş il ərzində həm də beynəlxalq təlimçi kimi Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcək mütəxəssislər hazırlanacaq. Sözügedən müalicə üsulu üzrə 12 həftəlik təlimi uğurla tamamlayan iştirkakçılar müvafiq sertifikatlar aldıqdan sonra növbəti təlim üçün vəsiqə qazanıblar. Bu klinik psixoloqlar iki gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin yazılı ekspozisiya terapiyası üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və sair istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar.
Burada iştirakçılara beş sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı dörd posttravmatik stres pozuntusu diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın üç ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” Beynəlxalq Reytinq Agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət, kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.