Aqrar Sığorta Fondu bölgələrimizdə aqrar sığorta filiallarının açılışını davam etdirir. Payızlıq əkinlərin sığortalanması ilə bağlı müraciətlərin çoxalması ilə bağlı yerlərdə fermerlərə köməklik göstərmək, onları aqrar sığorta qaydaları haqqında məlumatlandırmaq məqsəilə növbəti filial Qubada fəaliyyətə başlayıb.
Quba-Xaçmaz iqtisadi rayonunu əhatə edəcək filial Quba şəhərinin mərkəzində yerləşir. Filial Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarında fəaliyyət göstərən fermerlərə xidmət edəcək. Qeyd edək ki, bölgə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır.
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Quba-Xaçmaz iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 8713 aqrar sığorta müqaviləsi üzrə 25000 hektara yaxın əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, soya, qarğıdalı sahələri və fındıq, alma, gilas bağları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Quba şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.
Açılışda çıxış edən Aqrar Sığorta Fondu İdarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan biri aqrar sığortadır ki, Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Bitkiçilik, heyvandarlıq və akvakultura sahəsində sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. İlin sonuna qədər təkcə bitkiçilik üzrə fermerlərə zərər ödənişlərinin 3 milyon manata çatacağı gözlənilir. Bu gün açılışı olan Quba filialı da Quba-Xaçmaz regionunda fermerlərə daha yaxın olmaq, aqrar sığorta ilə bağlı onlara operativ köməklik göstərmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.