SIĞORTA

06 Oktyabr

“Türk Dünyası Sığorta Birliyi”nin \"Yol Xəritəsi\" hazırlanıb

Türk Dünyası Sığorta Birliyi”nin "Yol Xəritəsi" hazırlanıb.

Bu barədə "Fins.az"a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib. Məlumata görə, "Yol xəritəsi"ndə Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib. Sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.

ASA-nın məlumatında qeyd olunub ki, bu ilin oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında zoom-görüş keçiriləcək və hazırlanmış "Yol Xəritəsi" müzakirəyə çıxarılacaq. Müvafiq toplantıda həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək.

Qeyd edək ki, “Türk Dünyası Sığorta Birliyi” bu ilin may ayının 24-ü Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlnalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.