SIĞORTA

16 İyun

Azərbaycanda aqrar sığorta mexanizmi üçün Türkiyənin dünyada sınaqdan keçmiş TARSİM modeli seçilib

Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi üçün Türkiyənin dünyada sınaqdan keçmiş TARSİM modeli seçilib.

Fins.az xəbər verir ki, bu barədə iyunun 14-də Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov KİV-lərə müsahibəsində bildirib.

Fondun rəhbəri qeyd edib ki, Azərbaycanda dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2019-cu ildə aqrar sığorta haqqında qanun qəbul edilib, Aqrar Sığorta Fondu yaradılıb: “Bizim bu sahədə Türkiyənin bu sığorta müqaviləsinin tətbiqinə məsuliyyət daşıyan şirkətilə anlaşma memorandumu olub. Nəticədə məlumat mübadiləsi ilə yanaşı, təcrübələrin ölkəmizdə tətbiqinə dair saziş imzalanıb. Onun icrası olaraq Aqrar Sığorta Fondu yeni sığorta mexanizmini tətbiq etməyə başlayıb. Bundan sonrakı dövrdə əsasən sığorta risklərinin əhatə dairəsinin və sığorta təminatlarının genişləndirilməsi sahəsində əməkdaşlıq edəcəyik. Məsələn, bu gün Aqrar Sığorta Fondu tərəfindən 5 təminat verilirsə, növbəti 3 ayda bunun sayı artırılaraq 10-a çatdırılacaq. Sığorta məhsullarına dair hazırda 12 bitki üzrə əməkdaşlıq sığorta xidməti təqdim olunubsa, nəticədə onun sayı 50-60-a çatdırılacaq”.

F.Sadıqov qeyd edib ki, sonrakı dövrlərdə iki ölkə arasında əməkdaşlıq nümunəsi olaraq bu modellərin tətbiqi ilə bağlı birgə addımlar atılacaq. Bu, həm də iki qardaş ölkə arasında iqtisadi əlaqələrin göstəricisinin bariz nümunəsi olacaq.