Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) iştirakı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin genişmiqyaslı təlim proqramını Azərbaycanda həyata keçirməyə davam edir.
ASA-dan Fins.az-a bildirilib ki, sayca ikinci olan bu təlim sığorta satışı istiqamətinə həsr olunub. Sığortaçıların maliyyə dayanıqlılığının təmin edilməsində əhəmiyyətli rolu olan sığorta satışı təlimləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında sığorta satıcılarının bilik və bacarığının artırılması, eyni zamanda, beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır. Növbəti aylarda sektordakı “Solvency II”, IFRS-17, anderaytinq, təkrarsığorta, zərərlərin tənzimlənməsi, müstəqil ekspertlər, marketinq və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Mərkəzi Bankı, ASA və TSEV – Türk Sığorta İnstitutu Vəqfi arasında əldə olunmuş razılığa əsasən, reallaşdırılan bu layihələrin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhfə verməkdir.
Qeyd edək ki, ödənişli əsaslarla təşkil edilən bu təlim layihəsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.