"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin nümayəndələri sığorta dələduzluğu ilə mübarizədə dünya təcrübəsini öyrənmək üçün Türkiyənin bu istiqamətdə fəaliyyət göstərən “Sığorta Dələduzluğu ilə Mübarizə Bürosu”nun rəhbəri Salih Taşyon ilə "zoom-görüş" keçirib.
Bu barədə ASA-dan bildirilib.
Məlumata görə, görüşdə S.Taşyon ASA nümayəndələrinə Büronun iş mexanizmi haqqında geniş məlumat verərək Türkiyədə bu sistemin 2006-cı ildən etibarən elektronlaşmış şəkildə fəaliyyət göstərdiyini bildirib.
Onun sözlərinə görə, sistem sırf informasiya inteqrasiyası və data-baza əsasında təşkil olunub. Onun qazandırdığı üstünlüklər nəticəsində Türkiyədə sığorta dələduzluğu ilə əlaqəli halların hər il əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. Lakin buna baxmayaraq qardaş ölkənin mütəxəssisləri sığorta dələduzluğu ilə mübarizədə yeni metodların müəyyən olunması üçün hər ay mütəmadi olaraq geniş tərkibdə müzakirə platformaları təşkil edirlər.