“Atəşgah Həyat” Sığorta Şirkətinin Həyat sığorta idarəsinin rəisi Şəfəq Həsənova Fins.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
Şəfəq xanım, zəhmət olmasa, Azərbaycanda həyat sığortasının inkişaf dinamikası haqqında danışardınız. Hal-hazırda həyat sığortası bazarında olan ümumi vəziyyət və “Atəşgah Həyat” sığorta şirkətinin bu istiqamətdə apardığı işlər haqqında məlumat verərdiniz.
Bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafı müşahidə olunur və ölkənin iqtisadi potensialı günbəgün artır. Bütün bunlar bütövlükdə sığorta sahəsinin inkişafı üçün əlverişli şərait yaradır. Dövlətimiz ölkədə sığortaya xüsusi diqqət ayırır və onun inkişafı üçün ciddi tədbirlər görür. Bunlar arasında ölkəmizdə kifayət qədər perspektivli sığorta növünü, yəni həyat sığortasını xüsusilə qeyd etmək lazımdır. Həyat səviyyəsi artdıqca, insanlar həm də həyatın sığortalanması perspektivləri ilə maraqlanmağa başlayırlar. Həyat sığortası növləri arasında həyatın yığım sığortası ilk dəfə olaraq “Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən tətbiq edilmişdir və hal-hazırda bu məhsulun bazarda istifadəsi ildən-ilə artaraq genişlənməkdədir.
Sığorta haqlarının artım dinamikasını hər il müşahidə edirik. Məsələn: 2019-2020-ci illərdə bu sığorta növü üzrə 24% civarında artım baş vermişdir. Digər nəzərəçarpan göstəricilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növündə müşahidə olunur. Belə ki, 2019-2020-ci illərdə bu sığorta növü üzrə bazarda 12% civarında artım baş vermişdir. Bu sığorta növü üzrə aparılmış avtomatlaşdırma işləri və sığorta müqavilələrinin bağlanması üzrə vahid portalın yaradılması da inkişaf dinamikasında əhəmiyyətli rol oynadı. Ölkənin sığorta bazarında həyat sığortası üzrə ilk dəfə fəaliyyətə başlamış və ən böyük təcrübəyə malik olan“Atəşgah Həyat” SŞ yenə də öz missiyasına sadiq qalaraq hər zaman innovativ və bazar üçün əhəmiyyətli addımlar atmağı üstün tutub. Buna misal olaraq əhali arasında ciddi maraq yaradan və mövcud tələblərə uyğun olaraq yaradılmış “Antikoronavirus” sığorta məhsulunun uğurla tətbiq edilməsini deyə bilərik.
Müasir iqtisadi dövrdə həyat sığortası növlərinin insanlara olan faydasından danışaq.
Daha öncə qeyd etdiyim sığorta məhsullarının əhaliyə bir çox faydasından danışa bilərik. Məsələn: Həyatın yığım sığortası - mürəkkəb məsələlərin sınanmış həll yoludur. Bu sığorta növü sizə gəlirinizi asanlıqla artırmağa köməklik göstərə biləcək bir alətdir. Həyatın yığım sığortasının əsas üstünlüyü vergi və sosial sığorta haqlarından azadolmaların tətbiq edilməsidir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü isə iş fəaliyyəti zamanı sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş əmək haqqının əvəzində ona sığorta şirkəti tərəfindən pul təzminatı ödənilir. Zərərçəkmiş, aldığı pulu istədiyi kimi müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, xüsusi nəqliyyat vasitəsinin əldə edilməsinə və ya istənilən başqa yerə xərcləyə bilər. “Antikoronavirus” sığorta məhsulu isə son zamanlar aktual olan COVİD-19 virusuna yoluxma halında müştərilərə istədikləri xərcləri qarşılaya biləcəkləri pul vəsaitinin verilməsini nəzərdə tutur.
Beləliklə, həyat sığortası növləri gündəlik həyatımızda qarşılaşa biləcəyimiz bir çox risklərdən sığortalamış və həyatımıza arxayınlıq qatmış olur.
Ölkədə həyat sığortasının inkişafını daha da sürətləndirmək üçün müvafiq dövlət qurumları və özəl şirkətlər tərəfindən hansı addımlar atılmalıdır?
Bildirməliyəm ki, Azərbaycanda həyat sığortası potensialı böyükdür və ildən-ilə də artacaq. Bu baxımdan, istər hazırkı dövrdə, istərsə də gələcək dövrlərdə cəmiyyətin həyat sığortasına ehtiyacı olacaq və bu sahədə daim yeni tələb və təkliflərin olması, yeni qanunların qəbul edilməsi də mütləqdir. Bütün bunları həyata keçirmək üçün ölkə əhalisinin kütləvi sürətdə müxtəlif informasiya vasitələri ilə məlumatlandırılmasının əhəmiyyətli rolu vardır. Təbii ki, bu yöndə sığorta şirkətlətinin üzərinə də bir sıra vəzifələr düşür. İstər dövlət qurumlarının, istərsə də özəl sektorun daima təbliğat xarakterli, maarifləndirici tədbirlərin həyata keçirilməsində dəstək olmaları vacibdir.
Cari il və növbəti strateji illər ərzində “Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən bazarın inkişafı istiqamətində hansı hədəflər müəyyən olunub?
Cari il ərzində prioritet istiqamətlər kimi proseslərin avtomatlaşdırılması, yeni məhsulların yaradılması və əhalinin maarifləndirilməsi üzrə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu yöndə “Atəşgah Həyat” Sığorta Şirkəti təbliğat xarakterli, maarifləndirici tədbirləri dəstəkləyir, reklam və PR fəaliyyətinə geniş yer ayırır. Ümumiyyətlə, bir müddət sonra şirkətimiz üçün yeni strateji dövr başlayacaq. Bu dövrdə də əsas istiqamət olaraq informasiya texnologiyaları infrastrukturunun inkişafı, daha əvvəl də qeyd etdiyim kimi, şirkət üzrə rəqəmsallaşdırma səviyyəsinin və müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi, yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması olacaq. Həmçinin şirkət daxilində qəbul olunan qərara əsasən inkişaf strategiyası çərçivəsində ESG (Environmental Social Governance) transformasiya prinsiplərinin tətbiq edilməsi də əsas hədəf olaraq seçilmişdir. “Atəşgah Həyat” SŞ sosial məsuliyyət baxımından uzun illərdir öz aktivliyini göstərən təşkilatdır. Vətənimizin tarixi və mədəni irsinin qorunması, həmçinin ölkəmizin ekoloji cəhətdən təmiz gələcəyi ilə bağlı bir sıra tədbirlərin təşkilatçısı olmuşuq və gələcəkdə də bu kimi tədbirləri dəstəkləməyə davam edəcəyik. Məlum olduğu kimi, biznesin bütün sahələri ekoloji, sosial və idarəetmə problemləri üzrə bir-biri ilə sıx bağlıdırlar. Müasir cəmiyyətin problemlərinin həllinə yönlənmiş yeni ESG sistemlərinin, ağıllı texnologiyaların və yenilikçi yanaşmaların tətbiqi isə iqtisadiyyatın fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir. Həmçinin, Azərbaycan Sığortaçılar Assosiasiyası və Mərkəzi Bankla birgə işləməklə sığorta bazarının inkişafı üçün lazımi dəstəyi və töhfələrimizi hər zaman verəcəyik.