Bakı, 5 Yanvar Fins.az
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev yerli sığorta bazarının mövcud vəziyyət və inkişaf perspektivləri ilə bağlı məsələlərə aydınlıq gətirib.
- Elmar müəllim, istərdik ki, Azərbaycanda qeyri-həyat sığortası ilə bağlı mövcud vəziyyəti təsvir edəsiniz. Ölkəmizdə bu sığorta sinfi qonşu ölkələrdəki eyni sığorta xidmətlərindən nə ilə fərqlənir?
- Əminliklə və sevinc hissi ilə bildirmək istəyirəm ki, bu gün Azərbaycanın sığorta bazarı yeni inkişaf mərhələsindədir. Yerli sığorta sisteminə nəzarət mexanizmini icra edən Azərbaycan Respublikası Mərkəzi Bankı sektora requlyator səlahiyyəti aldıqdan sonra yerli sığorta bazarında həm yığımlar üzrə, həm də sığorta maarifləndirilməsi istiqamətində ciddi aktivlik müşahidə olunmağa başladı. Məhz elə bunun uğurlu nəticəsi idi ki, COVID-19 pandemiyası bir çox iqtisadi klassifikasiyaya əsaslı şəkildə neqativ təsir etdiyi halda yerli sığorta bazarı böyükmiqyaslı neqativ elementlərdən özünü mühafizə edə bildi.
Bu ilin 10 aylıq göstəricilərinə nəzər salsaq görərik ki, qeyri-həyat sinfinə aid sığortası növləri üzrə təmin olunmuş sığorta haqları ümumi yığımların 59%-ni təşkil edir. Bu gün qeyri-həyat sinfinə aid sığorta növlərinə məsuliyyət sığortaları, əmlak sığortaları, şəxsi sığortalar aiddir ki, onlar da müvafiq olaraq təyinatına görə icbari və könüllü istiqamətə ayrılırlar. Real bazar göstəricilərinə görə, bu istiqamətdə yığımların 60%-i könüllü növlərin payına düşürsə, yerdə qalan 40% icbari növlərin hesabına formalaşıb. Ödənişlərdə isə bu pay bölgüsü könüllü növlərdə 59%, icbari növlərdə isə 41% həcmindədir.
Bu gün yerli sığorta bazarında qeyri-həyat sığortası istiqaməti dinamik şəkildə inkişaf edir. Doğrudur, 2020-ci ildə baş verən gözlənilməz hadisələr bu bazar üzrə də proqnozlaşdırılan nəticənin tam şəkildə əldə edilməsinə müəyyən maneələr yaratdı. Bəzi məhsullar üzrə bazar aktivliyi ciddi şəkildə azaldı, bəzilərində isə çox az dəyişiklik müşahidə edildi. Lakin bütün bu çətinliklərə baxmayaraq aparılan priventiv tədbirlər nəticəsində ciddi bir geriləmə müşahidə edilmədi.
Etiraf etməliyik ki, Azərbaycanın sığorta bazarı digər ölkələrlə müqayisədə olduqca gəncdir. Çünki bizdə sığorta ilə bağlı qanunvericilik hələ 10 il əvvəl formalaşıb. Bu gün də biz qonşu və digər inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edirik. Təbii ki, hər bir ölkənin iqtisadiyyat göstəriciləri, vətəndaşlarının rifah halı və ümumi gözləntiləri fərqlidir. Bu səbəblə də hər bir ölkədə fərqli sığorta məhsulları daha çox inkişaf dinamikasına malik olur. Məsələn, bu gün Azərbaycanda demək olar ki, 99% əhatəliliyə malik olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növüdür. Lakin bizim üçün mövcud vəziyyətdə başlıca prioritet icbari növlərlə yanaşı könüllü sığorta siniflərində də penetrasiyanın 2 və ya 3 dəfə artırılmasıdır. Hesab edirik ki, indiki inkişaf dinamikası növbəti il üzrə də stabil və artan templə davam etdirilsə biz bu hədəfimizə də nail olacağıq.
- Həyat sığortası sinfinə aid icbari və könüllü növləri indiki mərhələdə hansı vasitələrlə inkişaf etdirmək mümkündür və bu istiqamətdə nə kimi stimullaşdırıcı addımlar atılır?
- 2020-ci ilin 10 ayının göstəricilərinə nəzər salaq: yığımların 41%-i məhz həyat sığortası sinifləri hesabına təmin edilib. Həyat sığortası sinfinə bu gün sadəcə bir icbari növ daxildir ki, bu da “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növüdür. Bu növün bazar payı 17%-ə bərabərdir. Adı çəkilən sinifə daxil olan və ən böyük bazar payına malik olan məhsul isə “Həyatın yaşam sığortası”dır. Bu növ, yanvar-oktyabr ayları üzrə açıqlanan icmal göstəricilərinə əsasən yığımlarda 68% paya sahibdir. Məhsulun bazar potensialı olduqca genişdir. Bu gün insanlar həyatlarını ölüm və digər gözlənilməz hallardan sığortalamaq üçün həyat sığortasını əldə edirlər.
Lakin hər bir sektorda olduğu kimi sığorta sektorunda da inkişafa mane olan əsas amil geniş ictimaiyyətdə məlumatlılığın kifayət qədər olmamasıdır. Könüllü həyat sığortası sinfinə daxil olan növlər üzrə elektronlaşma və avtmomatlaşdırmanın olmaması isə inkişafa mane olan digər, lakin başlıca səbəblərdəndir. Doğrudur, icbari həyat sığortası növü üzrə bu proses artıq başlıyıb və inkişaf etdirilir. Hesab edirik ki, könüllü həyat sığortası sinfinə daxil olan növlər üzrə də elektronlaşma xidmətləri tətbiq edilsə adı çəkilən sinfin bazar göstəricilərində müsbət tendensiya göz ilə görülə biləcək səviyyədə olacaq.
- 2021-ci ildə qeyri-həyat sığortası bazarında nə gözlənilir? Hansı dəyişikliklər proqnozlaşdırılır?
- 2021-ci ildən gözləntilərimiz böyükdür. Pandemiya bütün sahələrə olduğu kimi sığorta sektoruna da bu və ya digər formada neqativ yöndə təsir etdi. Lakin digər tərəfdən isə sığorta şirkətləri dəyişən müştəri davranışlarına adekvat fəaliyyət strategiyası da formalaşdıra bildi. Belə ki, şirkətlərin demək olar ki, hamısı mərhələli şəkildə məsafədən xidmətlərin göstərilməsinə başladı. 2021-ci ildə isə mövcud trendin daha da inkişaf etdirilməsi ilə yanaşı, bütün sığorta məhsulları üzrə elektron müqavilə sisteminin formalaşdırılması və proseslərin tam avtomatlaşdırılması bazar iştirakçıları üçün başlıca hədəf indikatorudur. Xüsusilə də hadisə zamanı tələb olunan sənədlərin toplanması prosesinin mobilləşməsi müştəri məmnuniyyətinin artırılması ilə yanaşı, həm də şirktələrin iş yükünün balanslaşmasına və prosedur ardıcıllığının operativləşməsinə zəmin yaradacaqdır.
2021-ci ildə qarşıda duran prioritet istiqamət olaraq həm də bu sahəyə olan inamın artılması məqsədi ilə əhalinin maarifləndirilməsi və sığorta vərdişlərinin təkmilləşdirilməsi istiqamətində bir çox yeni lahiyənin həyata keçirilməsi nəzərdə tutulur.
Digər bir önəmli məqama da toxunmaq istəyirəm. Sığorta tarifləri və ödənişlər 10 il əvvəl müəyyənləşdirilərkən həmin dövrün mövcud vəziyyəti və real zaman şərtləri nəzərə alınmışdı. Etiraf etməliyik ki, bu gün Azərbaycanda sağlam iqtisadi inkişaf modeli tətbiq edilir və hər bir iqtisadi klassifikasiya yeni inkişaf mərhələsindədir. Bu səbəblə də bir çox sığorta məhsullar üzrə tariflərin və ödəniş məbləğlərinin yenidən nəzərdən keçirilməsinə böyük ehtiyac var.
Bu gün məsuliyyət sığortalarının inkişafı da mühüm əhəmiyyət kəsb edən bir istiqamətdir. Ehtiyatsızlıq nəticəsində bəzən istəmədən üçüncü şəxslərin əmlakına və ya sağlamlığına zərər yetirə bilirik. Belə olduğu təqdirdə bizim onların qarşısında məsuliyyətimiz və öhdəliyimiz yaranır. Məsuliyyət sığortalarının inkişafı və bu istiqamətdə yeni növlərin bazara daxil edilməsi isə adı çəkilən sinfin bazardaxili payının artmasına və sığortalı marağının cəlb edilməsi ilə potensial sığortalı kontingentinin bazara qazandırılmasına səbəb ola bilər.
Daşınmaz əmlakın icbari sığortası üzrə mərkəzləşmiş məlumat sistemin formalaşdırılması da 2021-ci ildə həllini gözləyən məsələlərdəndir. Bu növ üzrə bağlanan müqavilələrin tam elektronlaşdırılması və proseslərin bütünlüklə avtomatlaşdırılması isə 2021-ci ildə pilot layihə şəklində tamamlanmış ola bilər.
Bu gün bir çox sığorta məhsulunun inkişafına mane olan ən vacib istiqamət isə məlumatlılığın yetəri qədər olmamasıdır. Lakin bu istiqamətdə həm sığorta sektoruna üst nəzarətedici orqan olan Azərbaycan Respublikası Mərkəzi Bankı, həm də alt requlyativ funksiyanı icra edən Azərbaycan Sığortaçılar Assosiasiyası və eyni zamanda İcbari Sığorta Bürosu əhəmiyyətli layihələrlə ciddi addımlar atır. Təkcə onu qeyd etmək kifayət edər ki, sadəcə bu il Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun inkişafı ilə bağlı 6 genişmiqyaslı layihənin icrasına başladı. Bu layihələr uzunmüddətli perspektivdə də davam edib mərhələli şəkildə öz müsbət təsirini göstərəcəkdir. 2021-ci ildə yerli sığorta bazarı bütün bu mütərəqqi addımlar fonunda öz uğurlu gələcəyini sığortalamış olacaq.