SIĞORTA

29 Dekabr

2020-ci ilin sığorta yekunları - EKSPERTLƏR DANIŞIR

Bakı 29 dekabr Fins.az

2020-ci il təkcə Azərbaycanda deyil, bütün dünyada iqtisadiyyat üçün ən gərgin illərdən biri kimi yadda qaldı. Sığorta sektoru da bu mənada istisna olmadı.

Fins.az olaraq ilin yekunlarını sığorta ekspertləri ilə müzakirə etmək qərarına gəldik.

ASA-nın “Ekspert qrupu”nun üzvləri 2020-ci il sığorta ilə bağlı açıqlamaları, eyni zamanda 2021-ci il üçün sığorta sektoru ilə bağlı verdikləri proqnozları bizimlə bölüşdülər.

Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “Atəşgah Həyat” sığorta şirkətinin idarə heyətinin sədr müavini Orxan Şirinli:

Əsasən həyatın yaşam sığortası üzrə həyat sığorta bazarının 30% civarında artımı yadda qalan hadisələrdən oldu. Bu sığorta növü üzrə sığorta olunanların sayının artması bu növün gəlirli investisiya aləti olmasını bir daha sübut etdi. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə də bazarın inkişafı və bu istiqamətdə görülmüş avtomatlaşdırma işləri də önəmli və yadda qalan hadisə oldu. Digər bir hadisə isə bazarda “Atəşgah Həyat” Sığorta Şirkətinin təqdim etdiyi “Antikoronavirus” sığorta məshulunun bu sahədə ilk və əhali arasında ciddi maraq yaradan məhsul olmasını yadda qalan hadisə kimi qeyd etmək olar.

Həyatın yaşam sığortası üzrə 2021-ci ildə də artım davam edəcək, artıq aktual olan kritik xəstəliklər və pandemiya kimi dünyanı bürüyən problemlərdən sığortalar prioritet olacaq. Eyni zamanda icbari növ üzrə sığorta yığımlarının və buna münasibətdə ödəniləcək sığorta ödənişlərinin artması gözləniləndir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “Atəşgah Sığorta” şirkətinin şöbə müdiri Vüqar Hüseynli:

Dərin və ciddi dərəcədə böhran gözləntilərimizə baxmayaraq bu il uğurlu keçdi. 2020-ci il bizə hər cür çətin şəraitdə işləməyi öyrətdi və 21-ci əsrdə öyrəşdiyimiz fəlakətlərdən əlavə yeni risklərin də mövcudluğuna şahid olduq. Bu risklər isə öz növbəsində bizim üçün yeni məhsullar və yeni fürsətlər yaratdı.

Ölkə rəhbərimizin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad olundu. Bunun nəticəsində ölkəmizdə yeni infrastruktur layihələrin həyata keçirilməsi gözlənilir. Bu səbəblə də digər sektorlarda olduğu kimi, həmçinin sığorta bazarında da canlanmanın baş verəcəyi təxmin edilir. Canlanma ilk olaraq inşaat sektorunda baş verə bilər və bu yeni iş yerlərinin açılması və dolayısı ilə işçilərin icbari sığortasında artımın gözlənilməsi deməkdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “Günay Sığorta” şirkətinin idarə heyətinin üzvü Səidə Fətullazadə:

2020-ci ilin sığorta bazarına həm müsbət, həm mənfi təsirləri oldu. 3 sığorta şirkəti – “Standard Insurance”, “Rəvan Sığorta” və “Amrah Sığorta” şirkətləri bazarı tərk etdi və "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" yaradıldı. İlin əvvəlində “Daşınmaz əmlakın icbari sığortası”nda yaranmış kütləvi artım, kənd təsərrüfatı sığortasının inkişafı bazarı aktivləşdirdi. Lakin pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən maliyyə bazarlarına da mənfi təsirləri qaçılmaz idi. 2020-ci ildə “Yaşıl Kart” sığortası, “Səyahət sığortası”nda azalma müşahidə olundu. Ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması və sonradan dayandırılması səfər sığortasına olan tələbatın kəskin azalması ilə nəticələndi. Bir çox sahələrdə işlərin dayanması ilə əlaqədar debitor borcların həcmi artdı. Hər zaman dar günlərdə yardıma gələn sığorta şirkətləri 2020-ci ildə iki böyük mübarizədə də dəstək borclarını yerinə yetirdilər. Əksər sığorta şirkətləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etdilər və müxtəlif sosial layihələr həyata keçirdilər.

Sevinc hissi ilə bildirmək istəyirəm ki, 2021-ci ildən etibarən, işğaldan azad olunmuş torpaqlarımızda yerli sığorta şirkətlərinin yeni filialları açılacaq. Yeni bizneslər fəaliyyətə başlayacaq və bununla sığorta bazarı da böyüyəcək. İnkar etmək olmaz ki, bu günə kimi sığorta şirkətləri çox az onlayn xidmətlərdən istifadə edirdi. Artıq sığorta şirkətləri başa düşür ki, onlayn xidmətlər əməliyyat xərclərinin kifayət qədər azalmasına səbəb olur. Düşünürəm ki, 2021-ci ildə sığorta sahəsində elektronlaşma daha sürətlə inkişaf edəcək və onlayn xidmətlərin sayı artacaq. Pandemiyanın aradan qalxdığı halda bir çox sığorta növlərinin yığımlarında artımın olacağı gözlənilir. 2019-2020-ci illərdə baş vermiş yanğın hadisələri artıq sahibkarları daha ehtiyatlı davranmağa məcbur etdi. 2020-ci ildə mübarizəsindən qalib ayrılaraq torpaqlarımızı azad etdik. Ümid edirəm ki, 2021-ci ildə Azərbaycan COVID-19 pandemiyasının gətirdiyi çətin sınaqlardan da uğurla çıxa biləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, müstəqil ekspert Əli Bayramov:

Bu gün sığorta bazarında müəyyən qədər boşluqlar var. Mənim üçün əsas olan institusional boşluqlardır. Sığorta bazarını aktiv fəaliyyətdə saxlayan, onun səmərəliliyini təmin edən məhz orada çalışan mütəxəssislərdir. O mütəxəssislərin bilik və bacarıqları nə qədər dərin olsa, onlar təbii ki, bazara daha yaxşı töhvə verə bilərlər. Hesab edirəm ki, bu istiqamətdə tələblər ciddiləşməlidir.

İkinci bir məqam isə ondan ibarətdir ki, bir çox sığorta şirkəti korporativ idarəetməni hələ də tam tətbiq etməyib, qanunvericiliyin tələbi olan bu istiqamətə simvolik bir nüans kimi yanaşır. Bu iki boşluğun uğurlu şəkildə doldurulması insanlarda sığortaya olan inamının bərpa olunması prosesinə təkan verə bilər.

Sığorta sahəsində bu gün maarifləndirmə işini bir qədər də sürətləndirmək lazımdır. Bu istiqamətdə korporativ sosial məsuliyyət yönümlü layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu mövzu çərçivəsində sığorta şirkətləri bir araya gələrək marketinq ayırmalarının böyük bir hissəsini müvafiq istiqamətə yatırmalıdırlar.

Növbəti il üçün sığorta bazarı ilə bağlı proqnozlarım pozitiv deyil. Sığorta bazarı 2021-ci ildə daha çətin bir il yaşaya bilər. Çünki fikrimcə ən böyük sığorta ödənişlər məhz elə 2021-ci ilə təsadüf edəcək. Riskləri əvvəlcədən hesablayıb bununla bağlı strateji fəaliyyət planı tərtib edən sığorta şirkətləri 2021-ci ildə baş verəcəyi ehtimal edilən problemlərdən yayına biləcək. Bu istiqamətdə heç bir addım atmayan şirkətləri isə böyük zərbə gözləyir.

2021-ci ildə sığorta şirkətləri daha çox dijitallaşma üzərində çalışmalıdırlar. Çünki bu sektorda satış sənayeni irəli aparan başlıca faktordur. Bu məqsədlə də elektronlaşma şirkətlər üçün prioritet olmalıdır. Həm müştəri, həm də satış kanalları çərçivəsində diversifikasiyalar aparmış şirkətlərin şansı var ki, gələn il tənəzülə uğramasınlar. Əsas olan odur ki, qarşıda sektoru gözləyən çətin günlərdən üzü ağ çıxa bilək.

Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “Paşa Həyat” sığorta şirkətinin şöbə müdiri Vəli Məmmədov:

2020-ci ildə pandemiya bir çox biznes sahələrinə təsirsiz ötüşmədi. Əlbəttə ki, sığorta sektoru da bu təsirdən yan keçə bilmədi.

Cari ilin 10 ayı üzrə sığorta yığımlarını 2019-cu ilin analoji dövrü ilə müqayisə etsək, sektorda 10% artım müşahidə edərik. Birmənalı şəkildə deyə bilərəm ki, pandemiya olmasaydı yerli sığorta bazarı daha yüksək artım əldə edə bilərdi. Təkcə həyat sığortası seqmenti üzrə 16% artım qeydə alınıb. Həyat sığortasında artım həm də onu göstərdi ki, insanlarda artıq bu növ sığortaya inam və etibar formalaşıb.

2021-ci ildə pandemiya ilə bağlı vəziyyətin 2020-ci illə müqayisədə bir qədər asan olması proqnozlaşdırlır. Bu səbəblə də mən 2021-ci il üçün sığorta bazarı ilə bağlı neqativ proqnozlar gözləmirəm. Pandemiya davam etsə belə, sığorta sektorunda stabillik müşahidə olunacaq.

Digər tərəfdən, cari ildə müşahidə olunan tendensiyalar rəqəmsallaşmaya təkan verdi. Çox sayda şirkət məhz bunun üzərində intensiv işlər aparırlar.

Sevindirici haldır ki, 2020-ci il ərzində pandemiya və müharibə dövründə də sığorta şirkətləri sosial layihələrdən kənar qalmadı. Böyük məbləğdə ianələr, yardımlar etdi, davamlı şəkildə sosial layihələr həyata keçirdi.

Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, müstəqil ekspert İlkin İbrahimov:

2020-ci ildə qarşılaşdığımız COVID-19 pandemiyası təbii olaraq sığorta bazarında da müəyyən problemlər yaratdı. Lakin buna baxmayaraq hesab edirəm ki, 2020-ci il yerli sığorta bazarı üçün yeni dönüş nöqtəsi oldu. Çünki ilk növbədə cari ildə ümumi sığorta yığımlarının 2019-cu illə müqayisədə daha çox olacağı ehtimal olunur. Eyni zamanda sığorta ödənişlərində də ötən ilə nisbətdə artım müşahidə olunur ki, bu da yaxşı tendensiyadır.

Daha müsbət məqamlardan biri də ondan ibarətdir ki, sığorta şirkətləri bu il məhsullarını informasiya texnologiyalarının üstünlüklərindən faydalanaraq təqdim etməyə çalışdılar. Bu da sığortalıya məsafədən xidməti təmin etmiş oldu. Hesab edirəm ki, sığorta şirkətləri bu addımları ilə gələcək uğurlarının bünövrəsini inşa etmiş oldu.

2020-ci ilin sonunda yerli sığorta bazarı Türkiyə sığorta bazarı ilə əməkdaşlıq və əlaqələr qurmağa başladı. Bununla bağlı memorandum imzalandı, eyni zamanda iki qardaş ölkənin sığorta mütəxəssislərinin ortaq platforması yaradıldı. Bu mənada hesab edirəm ki, Türkiyənin sığorta təcrübəsi 2021-ci ildə yerli sığorta bazarının inkişafına təkan vermiş olacaq. Təbii ki, bu istiqamətdə müştərək layihələrin də həyata keçiriləcəyini düşünürəm. Türkiyənin uğurlu sığorta təcrübəsinə biz TARSİM modeli timsalında əminik. Qardaş ölkənin təcrübəsinin həyat və qeyri-həyat sığortasında da tətbiqi nəticəsində Azərbaycanın sığorta bazarı yeni inkişaf mərhələsinə qədəm qoymuş olacaq.

Baş vermiş Vətən Müharibəsi fonunda qalib ölkənin sığorta bazarının 2021-ci ildə yeni irəliləyişlərə nail olacağını gözləyirəm. Müstəqil sığorta ekspertləri olaraq hesab edirik ki, sığorta qanunvericiliyinə nəzərdə tutulan dəyişikliklərin və bununla paralel olaraq yeni texnologiyaların bazarda tətbiqi bu irəliləyişi daha da stimullaşdıracaq.

2021-ci ildə əsas gözləntilərimdən biri də məhz icbari tibbi sığorta ilə bağlıdır. Bildiyiniz kimi bu növ sığortanın bir hissəsi 2020-ci ildə tətbiq edildi. 2021-ci ilin ilk yarısı üçün bütövlüklə keçid, ilin ikinci yarısında isə TƏBİB və digər aidiyyəti istiqamətlərin daha geniş inteqrasiyası nəzərdə tutulur. Hesab edirəm ki, icbari tibbi sığorta özəl sığorta şirkətləri ilə də daha əlaqəli şəkildə işləyəcək. Çünki bu addım böyük həcmdə sığorta haqları yığmağa iddialı olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həm dəstək olacaq, həm də təcrübəsi uzun illərə dayanan özəl sığorta şirkətləri bu istiqamətin inkişafına böyük təkan verə bilərlər. Həm kadr potensialı, həm də keyfiyyət baxımında daha yaxşı xidmət göstərən özəl sığorta şirkətləri nümunə olaraq icbari tibbi sığortanın inkişafına zəmin yarada bilər.

Tuncay Türbəndəzadə