SIĞORTA

22 Dekabr

Sığorta şirkətləri ilə müştərilər arasında yaranan problemlər - Tanınmış sığorta eksperti ilə MÜSAHİBƏ

Bakı 22 dekabr Fins.az

Fins.az tanınmış sığorta eksperti Kamran Babayevin müsahibəsini təqdim edir.

Kamran müəllim, siz sığorta sektorunda böyük təcrübəyə malik olan, peşəkar sığortaçısınız. Hər zaman aktual olan müştəri ilə sığorta şirkətləri arasında olan münasibətlərdən danışmaq istəyirəm. Mübahisələrin əsas səbəbi nə olur sizcə?

Sığorta şirkətləri ilə müştərilər arasında yaranan mübahisəli halların çoxu zərərin məbləği ilə əlaqədardır. Müştərilərin zərərin məbləği ilə bağlı narazılıqları əsaslı da olur, əsassız da. Təcrübəmdə elə hallarla rastlaşmışam ki, baş vermiş hadisədən istifadə edərək, əlavə qazanc əldə etmək fikri ilə müştəri planlı şəkildə hərəkət edir. Əlbəttə ki, sığorta şirkətləri tərəfindən zərərin qiymətləndirilməsi ədalətli şəkildə aparılmalıdır, müştərilər isə əlavə qazanc əldə etmək fikri ilə hərəkət etməməlidirlər.

Zərərin qiymətləndirilməsi prosesi necə gedir? Qanunvericilik bununla bağlı nə deyir?

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən zərərin qiymətləndirilməsi sığorta şirkəti tərəfindən aparılmalıdır. Həmçinin qeyd edim ki, müştəri zərərə uğramış əmlakı (misal üçün avtomobil üzərindən danışa bilərik) zərərin qiymətləndirilməsi üçün sığorta şirkətinə təqdim etməlidir. 925-ci maddədə həmçinin qeyd olunur ki, tərəflər zərər məbləği ilə bağlı razılığa gələ bilmədikdə, zərər reyestrda yer almış müstəqil ekspert tərəfindən qiymətləndirilməlidir. Mülki Məcəllənin 927-ci maddəsinə əsasən, zərərin aradan qaldırılmasının üsulunu sığorta şirkəti seçir, yəni bu hüquq sığorta şirkətinə verilib. Sığorta şirkəti qərar verir zərər məbləğini pul şəklində ödəsin və ya avtomobili təmir etdirsin. Nəticədə zərər məbləği ilə tərəflər razılığa gəldikdən sonra, sığorta şirkəti özü təyin etdiyi təmir müəssisəsində avtomobili təmir etdirə bilər. Zərər məbləği ilə razılığa gəlinmədikdə, zərər müstəqil ekspert tərəfindən qiymətləndirildikdən sonra sığorta şirkəti yenə də avtomobili təmir müəssisəsində təmir etdirə bilər və təmir xərcini təmir müəssisəsinə ödəyə bilər. Avtomobili təmir etdirməklə sığorta şirkəti zərərçəkən qarşısında öhdəliklərini yerinə yetirmiş olur.

Qeyd etdiyim bu hal onu göstərir ki:

  1. Zərərin öncədən qiymətləndirilməsi önəmini itirmiş olur;
  2. Əlavə qazanc əldə etmək istəyən müştərilər bunu edə bilməyəcəklər (sığorta şirkəti avtomobili təmir etdirəcək)

Qiymətləndirmə prosesində sizcə hansı dəyişikliklərə ehtiyac var?

Kifayət qədər təkmilləşdirmə işləri aparılmalıdır. Əslində qeyd etdiyim hal Mülki Məcəllədə 925-ci və 927-ci maddələrin bir-biri ilə tam uzlaşmadığını göstərir. Sığorta qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. Burada problem yalnız zərərin bərpası üsulunda deyil. Müstəqil ekspertlərlə də mütəmadi olaraq problemlər yaşanır. Müstəqil ekspertlərin işini tənzimləyən qanunvericiliyə ehtiyac var.

Qeyd edim ki, bu halları minimuma endirmək və prosesi daha ədalətli aparmaq üçün qeyd etdiyim kimi bu proseslərdə və qanunvericilikdə təkmilləşdirilmə işləri aparılmalıdır. Bir məqama toxuna bilərik. Bildiyiniz kimi, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avto icbari) ilə müəyyən edilmiş sığorta məbləğləri hadisədən sonra avtomatik bərpa olunur. Məsələn, avtomobilə dəymiş zərər üzrə sığorta məbləği 5 000 manatdır. Hadisə nəticəsində zərərçəkənə 3 000 manat ödəniş edilir. Sığorta məbləği 2 000 manata qədər azalmır, 5 000 manat olaraq qalır.

Hazırda proses necə gedir – yuxarıda qeyd etdiyim kimi, hadisə olur, sığorta şirkəti zərəri müəyyən edir, zərərçəkən razı olmadıqda müstəqil ekspert təyin olunur (ekspertə ödəniş edilir), müstəqil ekspert zərəri hesablayır. Bununla əslində iş bitmir. Elə hallar olur ki, ekspertin qiyməti ilə də zərərçəkən razı olmur və nəzarətedici orqana şikayət edir və ya müstəqil ekspertin təyin olunmasını istəmir və birbaşa nəzarətedici orqana şikayət edir. Nəzarətedici orqan sığorta şirkətinə müstəqil ekspertin təyin olunması ilə bağlı göstəriş verir. Müstəqil ekspert zərəri hesabladıqdan sonra da problemlər bitmir. Sığorta şirkəti ekspertin hesabladığı zərər məbləği ilə razı olduğunu bildirsə də, avtomobili təmir etdirmək üçün onu zərərçəkəndən tələb etmək hüququna malikdir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə Mülki Məcəllədə qeyd edildiyi kimi zərərin məbləğini sığorta şirkəti müəyyən etsin və zərərçəkənlə razılaşdırsın.

Razılaşma əldə edilmədiyi hallarda sığorta şirkəti avtomobili təmirə yönləndirsin və təmirin keyfiyyətinə görə məsuliyyət daşısın.

Bu proses belə tamamlana bilər. Avto icbari sığortada tərəflər zərər məbləği ilə razılaşmadıqda, ekspertə müraciət edilmir, avtomobil təmirə yönləndirilir. Bu halda ödəniş zərərçəkənə yox, təmir müəssisəsinə ödənilir.

Belə olan halda təmir xərci təmir müəssisəsinə ödəniləcək, sığorta məbləği isə avtomatik bərpa olunacaq. Bu prosesin təkmilləşdirilməsi ilə bağlı təmir müəssisələri ilə, sığorta şirkətləri ilə müvafiq işlər görülməlidir.

Tuncay Türbəndəzadə