SIĞORTA

29 Aprel

İlkin İbrahimov: Karantin dövründən sonra sığorta şirkətlərində kadrlar azaldıla bilər

Sığorta eksperti İlkin İbrahimov Fins.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Pandemiya dövründə sığorta şirkətləri nə qazandı nə itirdi?

Bu dövr sığorta şirkətləri özlərində hansı istiqamətdə boşluq olmasını və müştəriyə daha da qayğı ilə yanaşılmasını öyrəndilər. İtirdiklərinə gəldikdə isə yəqin ki,  yeni növ məhsulları əvvəllər niyə daha çox təqdim etmədikləri ola bilər.

Karantin dövründən sonra sığorta şirkətlərin fəaliyyətində dəyişiklik olacaqmı?

Karantin dövründən sonra sığorta şirkətlərinin fəaliyyətində yəqin ki, daha çox dəyişiklik kadrların azaldılması olacaq. Digər tərəfdən hesab edirəm ki, sığorta şirkətləri onlayn tətbiqlərlə daha çox məşğul olacaqlar.

Karantin günlərində əksər sığorta şirkətlərinin əməkdaşları evdə çalışır. Yeni iş üslubu şirkətlərə nəsə öyrətdimi? Bu üsul sonralar da tətbiq oluna bilərmi?

Məsafədən idarəçilik və xidmət digər sahələr kimi sığorta sektoruna da təsirsiz ötüşməyəcək, sığorta agentlərinin ixtisarı sığorta şirkətləri üçün xərclərinin azalması fonunda zəmin yaradacaq. Amma hesab edirəm ki, sığorta agentlərsiz sığorta sektoru çox cılız və gücsüz görünər. Dələduzluq halları ilə mübarizədə və sığortalıların hüquqların müdafiəsində sığorta agentlərinə çox ehtiyac var. Bu günün tələbi isə yeni nəfəsli sığorta agentlərinin bu sektora töhfə verməsidir.

İcbari tibbi sığortanın tətbiqi vaxtının uzadılması sığorta şirkətlərinin planlarına təsir etdimi?

Sığorta şirkətləri könüllü tibbi sığorta ilə bağlı rəqabət mühitində icbari tibbi sığortanın hazırkı xidmətlərinin çox üstündədir. Lakin rəqabət mühitinin icbari tibbi sığortada məcburiliyi könüllü tibbi sığortada müxtəlif problemlərə gətirib çıxaracağını güman etmək olar. Biz gec və ya tez ölkəmizdə rəqabətli tibbi sığorta üçün özəl sığorta şirkətlərindəki xidmətdən yararlanmalı və onların müsbət təcrübələrindən istifadə etməliyik. Əks halda məcburi ödənişlər, keyfiyyətsiz tibb xidməti tibbi sığortaya olan marağı azalda bilər.

Karantin günlərində sığorta şirkətləri dövlətin dəstəyini nə dərəcədə hiss edirlər ?

Mərkəzi bankın pandemiya ilə bağlı təbbirlər planında əsas dəstək məhz sığorta şirkətlərinin dəstəklənməsinə yönəlib. Bu həm likviditliklə bağlı tələblərin yumşaldılması, həm də müəyyən növ komissiya və vergilərin ödənilməsinə möhlət hüququnun verilməsi olub.

Tuncay Türbəndəzadə