Azərbaycanda kasko sığorta müqaviləsini bağlamaq istəyənlər üçün avtomobillərin bazar dəyəri ölçülür.
"İpək Yolu” sığorta şirkətinin Sığorta Şöbəsinin müdir müavini Elnur Cavadov Fins.az-a sığorta şirkətlərinin avtomobillərin bazar dəyərini necə ölçüldüyündən danışıb:
“Avtomobilin bazar dəyəri eyni marka, model, istehsal ili, yürüş və digər meyarlar əsasında avtosalonlarda, internet səhifələrində və avtomobil bazarlarında satılan anoloji avtomobillərlə müqayisə olunaraq müəyyən edilir. Həmçinin, Sığortaçıların və onların partnyor şirkətlərinin məlumat bazaları əsasında avtomobilin bazar dəyəri müəyyən edilə bilər»
E.Cavadob əlavə edib ki, bir sıra hallarda avtomobil sahibləri sığorta haqlarının aşağı olması məqsədilə avtomobilin kasko sığorta məbləğini bazar dəyərindən aşağı mabləğə sığortalayır.
“Qanunvericiliyin tələblərinə əsasən, avtomobilin sığortası üzrə müqavilədə göstərilmiş sığorta məbləği avtomobilin bazar dəyərindən az olduğu halda (qismən sığorta halında), zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi sığorta məbləğinin sığorta dəyərinə (bazar dəyərinə) olan nisbətində hesablanır”
“Bu səbəbdən də, Şirkətimiz tərəfindən kasko sığorta müqaviləsini bağlamaq istəyən Ərizəçilərə tövsiyyə edilir ki, avtomobilin kasko sığorta məbləği onun real bazar dəyərinə uyğun məbləğdə sığortalansın” deyə Elnur Cavadov bildirib.
Tuncay Türbəndəzadə