Respublikamızın şimal bölgəsinin digər rayonları kimi, Qubada da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək.
Yanvar ayının əvvəlindən indiyədək Quba Rayon Mərkəzi Xəstəxanasına 10 min nəfərdən çox pasiyent müraciət edib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Əmir Əliyev bildirib ki, tibb müəssisəsi yüksək standartlara uyğun, ən müasir tibbi avadanlıqla təchiz olunub. Xəstəxanadakı infrastruktur yeni sistemə inteqrasiya olunub. Yeni sistemə keçidlə əlaqədar xəstəxanada növbəlilik prinsipi yaradılıb, müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün qeydiyyat mərkəzi mövcuddur. Yanvarın əvvəlindən bu günədək xəstəxanaya 10 min nəfərdən çox sakin müraciət edib. Onlardan 100 nəfəri stasionar müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1000-1200 nəfərədək vətəndaş müraciət edir.
Baş həkimin sözlərinə görə, cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayında əvvəlki dövrlə müqayisədə 3-4 dəfə artım qeydə alınıb. Xəstəxanaya müraciət edən vətəndaş əvvəlcə ailə həkimi tərəfindən qəbul edilir. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.
Quba rayon sakini Tərlan Dəmirov müsahibəsində icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanadakı xidmətlərin keyfiyyətinin artdığını bildirib: “İcbari tibbi sığortanın tətbiqi çox yaxşıdır. Burun-boğaz həkiminə müraciət etmişəm. Təmənnasız yüksək səviyyəli xidmət göstərildi. Yaradılan qayda-qanundan çox razı qaldım. Bu işin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkür edirəm”.
Rayon sakini İmaməddin Əmrullayev də yeni sistemin tətbiqindən razı qaldığını qeyd edib. “Səhhətimlə əlaqədar terapiya şöbəsinə müraciət etdim. Göstərilən xidmətdən razı qaldım. İcbari tibbi sığortanın tətbiqini alqışlayıram. Camaat çox razıdır”, - deyə İ.Əmrullayev fikirlərini bölüşüb.