SIĞORTA

20 Dekabr

Aqrar sığortanın təsir dairəsinə düşən məhsulların siyahısı təsdiqlənib

Nazirlər Kabineti aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb. Bu ilin iyununda aqrar sığorta ilə bağlı Qanun qəbul edilib. Avqustda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb və 2020-ci il üçün fonda dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, beynəlxalq təcrübə də nəzərə alınaraq bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Digər tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? Nazirlər Kabinetinin Qərarı bu suala cavab verir.

Bitkiçilik sahəsində - ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru.

İdxalın əvəz edilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə: portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq.

Heyvandarlıq sahəsində - məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə: 1-7 yaşadək südlük inəklər və camışlar.

Suda yetişdirilən məhsullar üzrə: akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Qeyd edilən məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərin himayəsini gücləndirəcək, istehsalı genişləndirmək üçün şəraiti təmin edəcək, məşğulluğa müsbət təsir göstərəcək, sadalanan məhsulların istehsalında artıma səbəb olacaq, bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə verəcək və sığorta bazarını gücləndirəcək.