İyulun 22-də Şuşa şəhərində Vaqif Poeziya Günlərinin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında keçirilib.
Finss.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında vurğulayıb ki, Vaqif Poeziya Günlərinin davamlı şəkildə təşkil olunması böyük önəm daşıyır:
“Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada böyük bəstəkarlar, şairlər, sənətkarlar yetişib. Beşinci dəfədir ki, biz bu müqəddəs məkanda — Vaqif məqbərəsinin önündə poeziya bayramı keçiririk. Bu, mənim üçün böyük qürur və sevincdir”.
Türk Mədəni İrsi Fondunun direktoru Aktor Raimkuva isə Azərbaycanla mədəni əlaqələrin genişlənməsinin məmnunluq doğurduğunu bildirib:
“Azərbaycanla əməkdaşlığımızın dərinləşməsi böyük qürur mənbəyidir. Bu cür poeziya günləri ortaq mədəni irsimizin yaşadılması və təbliği baxımından əvəzsizdir”.
Akademik Nizami Cəfərov Vaqifin zəngin yaradıcılığı barədə danışaraq deyib:
“Biz bu gün təkcə poeziya günündə deyil, həm də Vaqifin mənəvi-ədəbi yolunun son dayanacağı olan Şuşadayıq. Bu şəhər onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür”.
Tədbir çərçivəsində “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin məqsədi Şuşanın ədəbi irsini və Zəfər tarixini təbliğ etməkdir. I yeri Təhminə Verdiyeva, II yeri Natəvan Bağırova, III yeri isə Elvin Əhməd tutub.
Bundan əlavə, “İgidlərin sözü” layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.
Qeyd edək ki, Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyulun 14-də Qazaxda başlayıb, ardınca Gəncə və Ağdamda davam edib. Bağlanış mərasimi isə iyulun 23-də Şuşada keçiriləcək.
Xatırladaq ki, Vaqif Poeziya Günləri ənənəsi 1982-ci ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Həmin ilin yanvarında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı olub və bundan sonra poeziya bayramı müntəzəm şəkildə keçirilir.











