Show

27 İyun

“AYDANİ” qalereyasında yeni istedad: Günel Alişanın debüt sərgisi

“AYDANİ” incəsənət qalereyasında azərbaycanlı gənc rəssam Günel Alişanın “Salam, Günel” adlı ilk fərdi sərgisinin açılışı keçirilib. Sərgidə rəssamın müxtəlif silsilələrdən ibarət olan 30-dan çox əsəri nümayiş etdirilib.

Finss.az xəbər verir ki, tədbirin açılışında qalereyanın təsisçisi və direktoru Aydan Məmmədova çıxış edərək Günel Alişanın onun tələbəsi olduğunu xatırladıb və rəssamı ilk sərgisi münasibətilə təbrik edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı, kurator Sevil Kərimova qalereyanın gənc istedadlara dəstək verdiyini və onlara yaradıcılıq imkanları yaratdığını vurğulayıb.

Sərgidə çıxış edən Xalq rəssamı, professor Aqalı İbrahimov, rəssam Firdovsi Atayev, Əməkdar artist Elza Seyidcahan və Rasimə Seyidcahan da Günel Alişanı təbrik edərək onun sənətə olan marağını və fərdi üslubunu yüksək qiymətləndiriblər.

Tədbirdə qırmızı xalça üzərindən keçərək qonaqları salamlayan Günel Alişan ilk sərgisinin onun üçün vacib yaradıcılıq mərhələsi olduğunu bildirib. Rəssam əsərlərində öz emosional dünyasını ifadə etdiyini və duyğularını kətan vasitəsilə tamaşaçılara ötürdüyünü qeyd edib.

ABŞ-da yaşayan atası, müğənni Elariz Məmmədoğlu video vasitəsilə təbrik göndərib və bu görüntü tədbirdə nümayiş olunub. Açılış çərçivəsində rəssamın “Nəfəs mübarizəsi” adlı yeni əsərinin imzalanma mərasimi də keçirilib. Sərgidə nümayiş olunan bəzi əsərlər kolleksiyaçılar tərəfindən alınıb.

Qonaqlara şirniyyatlar və içkilər təqdim olunan sərgi üç gün davam edib.

Fuad Mədətov
Finss.az